Rusiyanın raket zərbəsinə məruz qalan Türkiyəyə məxsus "Golden Leo" adlı ticarət gəmisi hücumdan bir həftə sonra Ukraynanın Odessa sahilləri yaxınlığında batıb.
Demokrat.az xəbər verir ki, iyulun 19-da Odessa sahilləri yaxınlığında üç qanadlı raketlə vurulan "Golden Leo" adlı ticarət gəmisi aldığı ağır zədələr səbəbindən bir həftə sonra çevrilərək batıb. Qarğıdalı daşıyan gəmiyə edilən hücum nəticəsində doqquz ekipaj üzvü və ukraynalı bir bələdçi kapitan həyatını itirib.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Qvineya-Bisau bayrağı altında üzən "Golden Leo" iyulun 19-da Çornomorsk limanından ayrılaraq Ukraynanın nəzarətində olan dəniz dəhlizi ilə Rumıniya istiqamətində hərəkət edirdi. Bildirilir ki, gəmi üzmə zamanı Rusiyanın üç qanadlı raketi ilə vurulub. Raketlərin gəminin üst konstruksiyasına və yaşayış hissələrinə dəyməsi nəticəsində yanğın baş verib və gəmi ağır zədələnib.
"Golden Leo"nun göyərtəsində Hindistan və Suriya vətəndaşlarından ibarət 17 nəfərlik ekipaj olub. Ukrayna rəsmilərinin məlumatına görə, hücum nəticəsində doqquz ekipaj üzvü və gəmiyə bələdçilik edən ukraynalı kapitan həlak olub.
Səkkiz ekipaj üzvü axtarış-xilasetmə qrupları tərəfindən xilas edilib. Xilas olunanlardan bəzilərinin yaralandığı bildirilib. "Reuters"in məlumatına görə, Rusiya hücum və gəminin batması ilə bağlı birbaşa açıqlama verməyib.
Həlak olan dənizçilərdən dördünün Hindistan vətəndaşı olduğu Hindistan Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənib. Yeni Dehli hadisədən sonra Rusiyanın yüksək səviyyəli diplomatını nazirliyə çağıraraq ticarət gəmilərinin hədəfə alınmasını pisləyib.


