Xaricdən xırtıldayan, içəridən isə yumşaq və kremvari soba kartofu ən sevilən qarnirlərdən biridir. Toyuq, mal əti və ya qızılbalıq kimi müxtəlif yeməklərlə uyğunlaşan bu təamın daha dadlı alınması üçün düzgün yağ seçimi mühüm rol oynayır.
Demokrat.az xəbər verir ki, "Simply Recipes" saytına danışan aşpaz, kulinariya yazıçısı və "S'NOODS" qəlyanaltı brendinin sahibi Lorin Bodden bildirib ki, sobada kartof bişirmək üçün ən yaxşı seçim avokado yağıdır.
Onun sözlərinə görə, avokado yağının tüstülənmə temperaturu yüksək olduğundan kartofu yüksək istilikdə bişirmək mümkündür. Bu isə kartofun üzərində bərabər və xırtıldayan qabığın yaranmasına kömək edir.
"Bu yağın dadı neytraldır. Buna görə də kartof bişdiyi yağın deyil, öz təbii dadını qoruyub saxlayır", deyə aşpaz bildirib.
Lorin Bodden hər 1 kiloqram kartof üçün 4–5 xörək qaşığı avokado yağı istifadə etməyi tövsiyə edir. Onun sözlərinə görə, kartof parçaları yağla tam örtülməlidir ki, sobada bərabər şəkildə qızarsın.
Aşpaz avokado yağından yalnız kartof üçün deyil, yüksək temperatur tələb edən digər bişirmə üsullarında – qızartma, sobada bişirmə və isti yeməklərin hazırlanmasında da istifadə etdiyini bildirib. O, məhsul alarkən etiketdə yağın 100 faiz avokadodan hazırlandığı və tüstülənmə temperaturunun 260 dərəcəyədək olduğu barədə məlumatın yer almasına diqqət yetirməyi tövsiyə edib.
Xırtıldayan kartof hazırlamağın sirləri
Mütəxəssis kartofu əvvəlcə yarımbişmiş vəziyyətə qədər qaynatmağı məsləhət görür. Daha sonra suyu tam süzüldükdən sonra kartofu süzgəcdə yüngülcə silkələmək lazımdır. Bu zaman kartofun kənarlarında yaranan nahamar səth sobada daha xırtıldayan qabığın əmələ gəlməsinə kömək edir.
Kartofun tam quruması da vacibdir.
"Su xırtıldayan qabığın ən böyük düşmənidir. Kartofun üzərində nazik rütubət qatı qalsa, yağ öz funksiyasını yerinə yetirə bilməyəcək", deyə Lorin Bodden vurğulayıb.
Kartof quruduqdan sonra soba sinisinə bir qat şəklində düzülməli, üzərinə yağ və duz əlavə edilməlidir.
Aşpaz kartofu 230 dərəcə temperaturda bişirməyi məsləhət görür. O, həmçinin bişirmə zamanı kartofu tez-tez çevirməməyi tövsiyə edir.
"Qabığın formalaşmasına imkan verin, yalnız bundan sonra kartofu çevirin", deyə o bildirib.
Xırtıldayan qabıqlı toyuq necə hazırlanır?
Mütəxəssislərin sözlərinə görə, ideal toyuq budları hazırlamaq üçün ərinmiş kərə yağı, bir qədər limon şirəsi, sarımsaq və bir neçə ədviyyat kifayətdir. Kərə yağı qabığın gözəl qızarmasını təmin edir, limon şirəsi isə ətin şirəli qalmasına kömək edir. Bişirmənin sonunda sobanın temperaturunu qısa müddət artırmaq qızılı rəngdə və xırtıldayan qabıq əldə etməyə imkan verir.
Jalə Demokrat.az


