"Zəngəzur dəhlizi"nin yaradılması və idarə olunmasına cavabdeh olacaq ABŞ Dövlət Departamentinin təsis etdiyi "TRIPP+ Enterprise Fund"un rəhbəri Rusiya əsilli investor təyin edilib
Sonra məlum oldu ki, TRIPP+ Enterprise Fund adlı fondun sədri Rusiya əsilli amerikalı investor Konstantin Sokolovdur.
Demokrat.az xəbər verir ki, ilkin mərhələdə fondun kapitalı 201 milyon ABŞ dolları təşkil edəcək və o, Cənubi Qafqazda və Mərkəzi Asiyada özəl sektorun strateji inkişafına (təkcə Ermənistan və Azərbaycanı deyil, həmçinin Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı da əhatə edəcək) sərmayə yatıra biləcək.
"The Guardian"ın qeyd etdiyi kimi, indiki mərhələdə ABŞ-ın və ya şəxsən Sokolovun fonddan tam olaraq hansı fayda əldə edəcəyi dəqiq bəlli deyil.
Bioqrafik məlumat
52 yaşlı Konstantin Sokolov əslən Peterburqdandır. Milliyətcə yəhudi olduğu bildirilir. O, 1990-cı illərin ortalarında ailəsi ilə birlikdə ABŞ-a köçüb və rəsmi veb-saytına əsasən, Rusiya ilə heç bir biznes əlaqəsi olmayıb. Sokolov ABŞ-dakı karyerasına telekommunikasiya və enerji sektorlarında başlayıb, daha sonra isə 2000-ci illərdə investisiya sahəsinə keçid edib.
Sokolovun əsas layihələrinə IJS Investments (texnologiya, maliyyə və kritik infrastrukturun kəsişməsindəki layihələr üzrə ixtisaslaşmış), Pelagos Data Centres (məlumat mərkəzləri və qabaqcıl texnologiyaların dəstəklənməsi) və Northern Pillar Energy Consortium (Avropa ilə Afrika arasında sualtı fiber-optik kabelin çəkilməsi və təmiz enerji sahəsində inkişaf) daxildir.
Fondun yaradılması ilə bağlı xəbərlərlə yanaşı, Ermənistanda TRIPP nəqliyyat layihəsinin həyata keçirilməsi üzrə çərçivə sazişinin ratifikasiyası prosesi də başladı. İyulun 16-da saziş hökumət tərəfindən təsdiqləndi və baxılması üçün Ermənistanın Konstitusiya Məhkəməsinə təqdim edildi. Xarici işlər naziri Ararat Mirzoyan "TRIPP marşrutu"nun həyata keçirilməsi ilə bağlı təşkilati məsələləri izah etdi: layihəni Ermənistan-ABŞ birgə qurumu olan "TRIPP Development Company" həyata keçirəcək; bu zaman Ermənistan tərəfindən təsisçi qismində Ermənistan hökuməti, ABŞ tərəfindən isə "TRIPP Development Company US" çıxış edəcək.
"TRIPP Development Company" şirkətinə "Trump Route" (Tramp Marşrutu) marşrutunun keçdiyi Ermənistan bölgələrində torpaqdan istifadə və tikinti hüquqları veriləcək. Şirkət həmçinin layihənin müəyyən hissələri üzrə işləri həyata keçirmək üçün ixtisaslaşmış qurumlar yaratmaq və digər tərəfdaşları cəlb etmək hüququna malik olacaq. Sazişə əsasən, "TRIPP Development Company"-də pay bölgüsü belə olacaq: Amerika tərəfi 74%, Ermənistan tərəfi isə 26% paya sahib olacaq. İlkin 49 illik müddət başa çatdıqdan sonra tərəflər sazişi daha 50 il müddətinə uzada bilərlər; bu halda Ermənistan tərəfi layihədə avtomatik olaraq 49% pay əldə edəcək.
Mirzoyanın sözlərinə görə, TRIPP+ investisiya fondu ilk növbədə "TRIPP Development Company US"-in fəaliyyəti üçün investisiya cəlb edəcək: "Hüquqi baxımdan TRIPP+ ilə Ermənistanda təsis ediləcək 'TRIPP Development Company' arasında dolayı əlaqə mövcuddur", – deyə Mirzoyan izah edib.
Donald Trampın səxavətli donoru
"The Guardian" qəzeti Sokolovun təyinatı ilə bağlı məqaləsində investorun ABŞ-ın hazırkı prezident administrasiyası ilə əlaqələrinə diqqət çəkir. 2025-ci ildə Sokolov Ağ Evdə yeni bir ziyafət zalının tikintisi üçün vəsait ayıran 36 ianəçidən biri olub; bu layihə şəxsən Donald Tramp tərəfindən təşəbbüs edilmişdi. İanəçilər layihəyə ümumilikdə 350 milyon dollardan çox vəsait yatırıblar, lakin Sokolovun ianəsinin dəqiq məbləği açıqlanmayıb.
2025–2026-cı illərdə Sokolov Donald Trampı dəstəkləyən digər təşəbbüslərə də maliyyə dəstəyi göstərib. O, Trampın seçki kampaniyası üçün vəsait toplayan "MAGA Inc. PAC" siyasi fəaliyyət komitəsinə 11 milyon dollar ianə edib. Sokolov həmçinin Respublikaçılar Partiyasının Milli Komitəsinə 443 000 dollar köçürüb. Bununla belə, Trampın ikinci müddəti ərəfəsinə qədər Sokolov siyasi partiyaların və ya qrupların fəal ianəçisi olmayıb; o, əvvəllər yalnız bir dəfə – 2008-ci ildə Barak Obamanın seçki kampaniyasına 3 600 dollar məbləğində ianə etmişdi.
Hazırkı prezidentə göstərilən dəstək, əvvəllər heç vaxt dövlət vəzifəsi tutmamış Sokolovun TRIPP+ Fonduna rəhbərlik etməyə başlamasını izah edə bilər. "The Guardian" qəzetinin məlumatına görə, "Ballroom"un tikintisinə ianə verən şirkətlərin üçdə ikisi dövlət sifarişləri əldə edib, bir sıra özəl ianəçilər isə yüksək vəzifələrə təyin olunublar.
Nəşrə müsahibə verən ekspertlərin fikrincə, Ağ Evin müəyyən bir sektorda həm siyasi əlaqələrə, həm də investisiya təcrübəsinə malik şəxsləri seçməklə investisiya fondunun rəhbərliyinin təyin olunmasında rol oynaması təəccüblü deyil. Bununla belə, ekspertlərdən birinin qeyd etdiyi kimi, fond rəhbərinin fondun qərarlarından şəxsi qazanc əldə edə bilməməsi həlledici əhəmiyyət kəsb edir. Sokolov və TRIPP+ ilə bağlı vəziyyət isə bu məsələdə suallar doğurur.
Amerikalı investorun Ermənistandakı aktivləri
Ermənistan-Amerika şirkəti olan "TRIPP Development" tərəfindən həyata keçiriləcək TRIPP layihəsi təkcə nəqliyyat dəhlizinin özünün deyil, həm də əlaqəli infrastrukturun, o cümlədən telekommunikasiya obyektlərinin tikintisini əhatə edə bilər.
2024-cü ilin əvvəlində, faktiki sahibləri Konstantin Sokolov və Je Janq olan Kipr şirkəti "Fedilco Group Limited" Rusiyanın MTS şirkətinin Ermənistandakı törəmə müəssisəsini (hazırda "Viva Armenia") əldə etdi. 2026-cı il tarixinə olan məlumata görə, "Fedilco Group Limited" "Viva"da 80%-lik paya sahibdir; şirkət əldə edildikdən qısa müddət sonra qrup strateji əhəmiyyətli operatorun 20%-lik payını Ermənistan hökumətinə təmənnasız olaraq təhvil verdi.
2026-cı ilin iyul ayının əvvəllərində, Sokolovun yeni təyinatından qısa müddət əvvəl, "Fedilco Group" Rusiyanın "Rostelecom" şirkətinin Ermənistandakı törəmə müəssisəsində (hansı ki, orada OVIO adı ilə fəaliyyət göstərir) 100% payı əldə etməklə Ermənistandakı telekommunikasiya aktivlərini genişləndirdi. Ümumiyyətlə, analitiklərin fikrincə, Ermənistanın telekommunikasiya bazarının Rusiyanın nəzarətindən çıxarılması rus ordusunun bu ölkədən çıxarılmasından daha mühüm strateji bir addımdır. Bu səbəbdəndir ki, Sokolovun şirkəti VİVA-nı Rusiya şirkəti MTS-in nəzarətindən çıxardıqdan sonra 20%-lik payını jest olaraq Ermənistan hökumətinə təhvel verdi. Bu, ABŞ-la Ermənistan arasında qarşılıqlı etibarın mühkəmlənməsi üçün atılan addım kimi qiymətləndirilir.
ABŞ-ın Ermənistanda ikinci əsas həmləsi haqqında isə ictimaiyyət və media yalnız Sokolov vəzifəyə təyin edildikdən sonra məlumat yayəldı. Belə ki, Sokolovun sahibi olduğu ABŞ şirkəti "Dynamic Frontier Holdings" Ermənistanın Lori bölgəsindəki Teğut mis-molibden yatağını əldə etdi. Bundan bir müddət əvvəl mis və molibden ehtiyatlarına görə Ermənistanda ikinci ən böyük yataq sayılan həmin mədən Rusiya bankı VTB-dən "Cuprar RA" şirkəti tərəfindən alınmışdı. Daha sonra Sokolovun şirkəti "Cuprar RA"-da səhmdara çevrildi. "Azadlıq" radiosunun erməni xidməti ehtimal edir ki, bu sxem investorun Rusiya bankı ilə birbaşa sövdələşmədən yayınmasına və bununla da sanksiyalarla üzləşmə riskini azaltmasına imkan yaratmaq məqsədi daşıya bilərdi. Yəni, ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalıarla Rusiya şirkətlərini aktivlərini satmağa vadar və onları ən güclü olduqları ölkələrdən sıxışdıraraq çıxarır.
Mis və molibden də daxil olmaqla, kritik mineralların hasilatı ilə bağlı investisiyalar TRIPP+ fondu üçün də prioritetə çevrilə bilər. May ayının sonlarında İrəvanda keçirilən qısa görüş zamanı ABŞ Dövlət Katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan kritik minerallar və nadir torpaq metalları üzrə çərçivə memorandumu imzaladılar; sənəddə ABŞ-ın Ermənistanın mineral ehtiyatlarına investisiya qoymaq prioriteti əks olunur və Cənubi Qafqaz və Mərkəzi Asiyadan mineralların tranziti baxımından TRIPP layihəsinin əhəmiyyəti vurğulanır.
Alparslan Demokrat.az


