Yanacaq qiymətlərində baş verən dəyişikliklər təkcə sürücülərin büdcəsinə deyil, ümumilikdə iqtisadiyyata da təsir göstərən əsas amillərdən biri hesab olunur. Daşınma və logistika xərclərinin böyük hissəsini təşkil edən yanacağın bahalaşması və ya ucuzlaşması məhsulların istehsalından mağaza rəflərinə qədər olan bütün mərhələlərdə maya dəyərinə təsir edə bilər. Bəs yanacaq qiymətlərindəki dəyişiklik inflyasiyaya və istehlak mallarının qiymətlərinə hansı formada təsir göstərir?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov Demokrat.az-a bildirib ki, yanacaq qiymətlərinin artırılması heç vaxt təkcə yanacağın bahalaşması demək deyil:
“Bu qərar iqtisadiyyatın bütün sahələrinə yayılan zəncirvari qiymət artımının başlanğıcıdır. Çünki Azərbaycanda istehlak bazarının böyük hissəsi avtomobil nəqliyyatı ilə təmin olunur və yanacaq logistikanın əsas xərc elementidir. Yanacaq bahalaşan kimi ilk olaraq yükdaşımalarının maya dəyəri artır. Sonra bu artım topdansatış qiymətlərinə, daha sonra isə market rəflərindəki məhsulların qiymətinə ötürülür. Nəticədə vətəndaş yanacaqdoldurma məntəqəsində deyil, çörək, meyvə-tərəvəz alarkən, taksidən istifadə edərkən və demək olar ki, hər alış-verişdə bu bahalaşmanın hesabını ödəyir. Rəsmi qurumlar adətən bildirirlər ki, yanacaq qiymətlərinin inflyasiyaya təsiri məhdud olacaq. Amma bazarın reallığı tamam başqadır. Azərbaycanda sahibkarın istehsal və logistika xərcləri artdıqda, bu xərc çox qısa müddətdə son istehlakçının üzərinə ötürülür. Yəni qiymət artımının yükünü biznes deyil, vətəndaş daşıyır”.
O qeyd edib ki, əgər dövlət yanacaq qiymətlərini artırırsa, paralel olaraq bazarda rəqabəti gücləndirməli, logistika xərclərini azaltmalı, inhisarçılığı məhdudlaşdırmalı və süni qiymət artımlarına qarşı real nəzarət mexanizmləri tətbiq etməlidir:
“Əks halda "inflyasiyaya təsir cüzi olacaq" ifadəsi sadəcə statistik hesabatlarda qalacaq, vətəndaş isə bunu hər gün bazarda və mağazada hiss edəcək. Problem isə budur ki, Azərbaycanda maaşların və pensiyaların artım tempi çox vaxt qiymət artımını izləmir. Bu isə o deməkdir ki, yanacaq qiymətlərinin hər artımı əhalinin real alıcılıq qabiliyyətini bir qədər də zəiflədir. İnflyasiya rəqəmlərlə deyil, insanların bazardan əvvəlkindən daha az məhsul ala bilməsi ilə ölçülür. İqtisadi siyasətin məqsədi qiymət artımını izah etmək deyil, onun vətəndaşın cibinə təsirini minimuma endirmək olmalıdır. Əks halda yanacaq bahalaşdıqca inflyasiya dərinləşəcək, inflyasiya dərinləşdikcə isə əhalinin rifahı daha da zəifləyəcək”.


