Sosial Özəl

Qaydanı pozan piyadaları nə gözləyir? — Açıqlama

Qaydanı pozan piyadaları nə gözləyir? — Açıqlama

Yol hərəkəti təhlükəsizliyində məsuliyyət təkcə sürücülərin üzərinə düşmür. Son illər piyadaların qaydaları pozması nəticəsində baş verən qəzaların sayı da diqqət çəkir. Bir çox Avropa ölkəsində bu kimi hallara görə piyadalara kifayət qədər yüksək məbləğdə cərimələr tətbiq olunur və bu, intizamın artırılmasına yönəlib.

Bəs, piyadaların qayda pozuntularına görə Azərbaycanda hansı cərimələr nəzərdə tutulub?

Vəkil Vüqar Tumasov Demokrat.az-a açıqlamasında bildirib ki, yol hərəkəti qaydalarının pozulmasına görə piyadalar üçün Azərbaycanda inzibati məsuliyyət nəzərdə tutulub:

“İnzibati Xətalar Məcəlləsinə əsasən, piyadanın müəyyən edilməmiş yerdən yolu keçməsi, işıqforun qadağanedici işığında hərəkət etməsi və ya yol hərəkatına mane yaratması hallarında adətən 20 manat məbləğində cərimə tətbiq olunur. Əgər piyadanın qayda pozuntusu yol-nəqliyyat hadisəsinin yaranmasına səbəb olarsa və ya sürücüləri təhlükəli vəziyyətə salarsa, daha ciddi məsuliyyət yarana bilər. Bu hallarda inzibati tədbirlər daha sərt tətbiq edilir. Məqsəd yalnız cəzalandırmaq deyil, insanları təhlükəli davranışdan çəkindirməkdir. Praktikada isə bir çox piyada cərimələrin məbləğini aşağı hesab etdiyi üçün qaydalara ciddi yanaşmır”.

O deyib ki, xüsusilə sıx hərəkətli yolların piyadalar tərəfindən ani keçilməsi həm özlərinin, həm də sürücülərin həyatı üçün risk yaradır:

“Buna görə hüquqi mexanizmlə yanaşı, maarifləndirmə də gücləndirilməlidir. Bir çox Avropa ölkəsində yüksək cərimələr və sərt nəzarət sistemi insanların davranışına ciddi təsir göstərir. Azərbaycanda isə problemin həlli yalnız cərimələrin artırılması ilə mümkün deyil. Keçidlərin rahat yerləşdirilməsi, nəzarət kameralarının artırılması və məktəblərdə yol təhlükəsizliyi tədrisinin gücləndirilməsi də vacibdir. Hüquqi baxımdan qaydalar mövcuddur və piyadaların məsuliyyəti qanunla müəyyən edilib. Əsas məsələ bu qaydaların davamlı tətbiqi və cəmiyyətdə yol mədəniyyətinin formalaşdırılmasıdır”.

Leyla Turan

D
demokrat.az