Dünya Özəl

İlon Mask üçün böyük problem: Nəhəng müəssisəsi ciddi ittihamlarla üz-üzə

İlon Mask üçün böyük problem: Nəhəng müəssisəsi ciddi ittihamlarla üz-üzə

ABŞ-da fəaliyyət göstərən Vətəndaş Hüquqları üzrə Milli Assosiasiya (NAACP) iş adamı İlon Maska məxsus "xAI" şirkətinə qarşı federal məhkəmədə iddia qaldırıb. İddiada şirkətin Missisipi ştatının Sautheyven şəhərində yerləşən məlumat emalı mərkəzində lazımi icazələr olmadan qaz turbinlərini istismar etdiyi irəli sürülür.

Demokrat.az xəbər verir ki, "Colossus 2" adlı məlumat emalı mərkəzi ətraf mühitə, o cümlədən kanserogen maddələr buraxmaqda ittiham olunur. İddia ərizəsi NAACP-nin təşəbbüsü ilə hazırlanıb və bir sıra ekoloji təşkilatlar tərəfindən dəstəklənib.

İddialara əsasən, "Grok" süni intellekt modelinin işləməsini təmin edən obyekt yerli elektrik şəbəkəsinin gücü kifayət etmədiyi üçün əraziyə quraşdırılmış 27 qaz turbinindən istifadə edir. Bildirilir ki, bu turbinlər müvafiq hava emissiyası icazəsi olmadan fəaliyyət göstərir.

Şikayətçilərin sözlərinə görə, müəssisənin yaxınlığında yaşayış evləri, məktəblər və ibadət məkanları yerləşir. Atmosferə buraxıldığı iddia edilən maddələr arasında formaldehid kimi təhlükəli kimyəvi birləşmələrin olduğu bildirilir.

İddiaçılar hesab edirlər ki, bu emissiyalar astma, ürək-damar xəstəlikləri və xərçəng riskini artıra bilər.

Layihənin dəyərinin təxminən 20 milyard ABŞ dolları olduğu, obyektin isə 2 giqavat hesablama gücünə çatdırılmasının planlaşdırıldığı qeyd edilir.

"XAI" şirkəti isə ittihamları qəbul etmir və məhkəmədən iddianın rədd edilməsini istəyir. Şirkət bildirir ki, obyektin fəaliyyətinin dayandırılması süni intellekt layihələrinə milyardlarla dollar zərər vura bilər.

Məlumata görə, ABŞ administrasiyası da məsələnin milli təhlükəsizlik baxımından əhəmiyyət daşıdığını bildirərək məhkəmə prosesinə qoşulub.

Hüquqşünasların qiymətləndirməsinə görə, məhkəmə obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edərsə, şirkət gündəlik 124 min ABŞ dollarından çox cərimə ilə üzləşə bilər.

Bundan əlavə, təxminən 10 min yerli sakini əhatə edən ayrıca kollektiv iddianın da hazırlanıldığı bildirilir. Sakinlər fasiləsiz səs-küy və vibrasiya səbəbindən daşınmaz əmlaklarının dəyərinin azaldığını iddia edərək dəymiş ziyanın ödənilməsini tələb edirlər.

Jalə

D
demokrat.az