İqtisadiyyat Özəl

Azərbaycan balığına xaricdən böyük tələbat var — Açıqlama

Azərbaycan balığına xaricdən böyük tələbat var — Açıqlama

Azərbaycan balığına xarici bazarlarda marağın artması yerli balıqçılıq sektorunun ixrac imkanlarını yenidən diqqət mərkəzinə gətirir. Xüsusilə Gürcüstandan gələn tələbat artımı Azərbaycanın bu sahədə ixrac potensialının genişlənməsi baxımından müsbət siqnal kimi qiymətləndirilir.

Bəs Gürcüstan bazarında yaranan bu imkan Azərbaycan balıqçılıq sənayesinin ixrac potensialının artdığını göstərirmi? Bu sahənin uzunmüddətli və dayanıqlı inkişafı üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, Azərbaycanda balıq istehlakı təəssüf ki, region ölkələri ilə müqayisədə və dünya üzrə orta göstəricidən aşağıdır.

Onun sözlərinə görə, beynəlxalq norma adambaşına ildə 18 kiloqram balıq istehlakıdır:

“Bu, beynəlxalq göstəricidir. Bir çox ölkələr bu normaya riayət edirlər. Dünyada adambaşına balıq istehlakı 20 kiloqramdan yüksəkdir. Azərbaycanda isə bu göstərici 7 kiloqramdır. Azərbaycan böyük həcmdə balıq idxal edir. Bu ilin ilk altı ayında balıq və balıq məhsullarının idxalı 20 faiz artıb.

Gürcüstanda balıq istehlakı səviyyəsi yüksək olduğuna görə, bu ölkə digər dövlətlərdən də balıq idxal edir. Gürcüstanda balıqçılıq sahəsi tam potensialına çatmasa da, istehsal səviyyəsi Azərbaycandakından yüksəkdir.

Azərbaycan bu sahəni ümumilikdə inkişaf etdirməlidir. Biz 2010–2011-ci illərdə akvakultura, başqa sözlə, göl balıqçılığı ilə bağlı araşdırma aparmışdıq. Bu istiqamətdə bir sıra problemlər mövcuddur.

İstehlakçılar aldıqları balığın bəzən tələb olunan keyfiyyət standartlarına cavab vermədiyini, xoşagəlməz qoxuya malik olduğunu və dadının istənilən səviyyədə olmadığını bildirirlər.

Bir sıra istehlakçılar da bu vəziyyətdən narazılıqlarını ifadə edirlər. Əsas problemlərdən biri Azərbaycanda balıq yetişdirilən göllərin kifayət qədər su ilə təmin olunmamasıdır. Həmin göllərdə su mütəmadi olaraq dəyişdirilməlidir. Su bir tərəfdən gölə daxil olmalı, digər tərəfdən isə çıxmalıdır. Çünki təmizlik işləri lazımi qaydada aparılmır və balıq saxlanılan göllər lazımi səviyyədə təmizlənmir.

Balıqların qida rasionunda da problemlər var. Yemin tərkibində minerallar kifayət qədər olmalıdır, lakin bu sahədə də çatışmazlıqlar mövcuddur.

Ümumiyyətlə, Azərbaycanda balıq yemi istehsalı zəif inkişaf edib. Biz araşdırma zamanı bu problemləri aşkar etmişdik. Araşdırma genişmiqyaslı idi. Bu layihə USAID-in xətti ilə həyata keçirilmişdi və ABŞ-dan mütəxəssis dəvət olunmuşdu. Həmin mütəxəssisin hazırladığı layihə çərçivəsində biz də bu işə cəlb olunmuşduq.

Bu sahədə görüləcək işlər çoxdur. Əgər Azərbaycan istehsalı artıra və məhsulun keyfiyyətini yaxşılaşdıra bilsə, yerli istehlakçılar da daha çox balıq istehlak edəcəklər. Əgər istehsal daxili tələbatı üstələsə, əlbəttə, ixrac imkanları da genişlənə bilər. Hazırda Vyetnamdan, Rusiyadan və İrandan Azərbaycana balıq gətirilir. Yəni ölkəmiz özü də böyük həcmdə balıq idxal edir.

Gürcüstanın Azərbaycan balığına tələbatının artması o demək deyil ki, həmin ölkədə balıq istehsalı aşağı səviyyədədir. Məsələn, forel balığını Gürcüstan Azərbaycandan daha çox istehsal edir. Mən həmin sahə ilə bağlı Gürcüstanda olmuşam və bu istiqamətlə maraqlanmışam. Onlar keyfiyyətli balıq istehsal edə bilirlər. Bundan əlavə, Qara dənizdə balıq ovu da həyata keçirirlər. Onların bu sahədə imkanları böyükdür.

Əhalisinin sayı Azərbaycanın əhalisindən təxminən iki dəfə az olsa da, gürcülər azərbaycanlılardan daha çox balıq istehlak edirlər. Məhz bu amillər Gürcüstanda balıq idxalına olan tələbatın artmasına səbəb olur”, – deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az