Dostluq üzrə mütəxəssis və “Müasir dostluq: ən dəyərli əlaqələrimizi necə inkişaf etdirməli” kitabının müəllifi Anna Qoldfarb yeni tanışlarla ünsiyyəti adi söhbətdən səmimi münasibətə çevirməyə kömək edən dörd sualı açıqlayıb.
Demokrat.az-ın məlumatına görə, o, CNBC üçün yazdığı məqalədə bildirib ki, hava və ya gündəlik mövzular barədə söhbət etmək rahat olsa da, bu, nadir hallarda həqiqi dostluğun yaranmasına səbəb olur.
Mütəxəssisin tövsiyə etdiyi suallar bunlardır:
"Salam, bu həftəsonu maraqlı bir tədbirə gedəcəyəm. Sən də qoşulmaq istərdin?"
Əgər maraqlandığınız bir tədbirə — məsələn, yeni restoranın açılışına, müəllif görüşünə və ya başqa bir tədbirə getməyi planlaşdırırsınızsa, həmin şəxsi dəvət edin. Bu, onun sizinlə daha çox vaxt keçirmək və münasibəti inkişaf etdirmək istəyib-istəmədiyini anlamağa kömək edə bilər.
"Sevdiyin hobbi haqqında bir az ətraflı danış. Yeni başlayan biri üçün nə tövsiyə edərdin?"
İnsanların maraq dairəsi haqqında səmimi suallar vermək onların özlərini rahat hiss etməsinə kömək edir. Məsələn, sevdiyi musiqi qrupu barədə soruşa və hansı albomdan başlamağın daha yaxşı olduğunu öyrənə bilərsiniz. Qarşı tərəf sizə mahnılar və ya tövsiyələr göndərirsə, bu, ünsiyyəti davam etdirmək istədiyinin göstəricisi ola bilər.
"Həmişə etmək istədiyin, amma indiyədək cəsarət etmədiyin nədir?"
Bu sual insanın arzularını və planlarını öyrənməyə imkan verir. Bəzən ortaq məqsədlər və ya həmin arzunu birlikdə həyata keçirmək imkanı yeni dostluğun möhkəm təməlini yarada bilər.
"Boş vaxtlarında nə etməyi sevirsən? Bununla bağlı köməyə ehtiyacın var?"
Bu sual ortaq maraqları və fəaliyyət sahələrini müəyyən etməyə kömək edir. Məsələn, qarşı tərəfin iştirak etdiyi intellektual oyun komandasında və ya idman qrupunda əlavə iştirakçıya ehtiyac ola bilər. Bu cür ortaq fəaliyyətlər dostluğun inkişafını sürətləndirə bilər.
Anna Qoldfarbın sözlərinə görə, ortaq yumor hissi, bənzər dəyərlər və birlikdə məqsədə doğru irəliləmək uzunmüddətli və möhkəm dostluq münasibətlərinin formalaşması üçün güclü zəmin yaradır.


