Sosial Özəl

Həyətdə parkinq maneəsi quraşdırmaq qanunidir? — Açıqlama

Həyətdə parkinq maneəsi quraşdırmaq qanunidir? — Açıqlama

Yaşayış komplekslərinin və binaların həyətyanı sahələrində özbaşına quraşdırılan dəmir maneələr, dirəklər və şlaqbaumlar təkcə sakinlər arasında narazılıq yaratmır, həm də hüquqi və təhlükəsizlik məsələlərini gündəmə gətirir.

Bina sakinlərinin hamısının istifadəsində olan ərazilərin ayrı-ayrı şəxslər tərəfindən özbaşına zəbt edilməsi və giriş-çıxışın məhdudlaşdırılması digər sakinlərin hüquqlarının pozulmasına səbəb ola bilər. Xüsusilə belə maneələr operativ xidmət avtomobillərinin, o cümlədən təcili yardım və yanğınsöndürmə texnikasının əraziyə girişinə çətinlik yaratdıqda, məsələ artıq yalnız məişət narazılığı deyil, insanların təhlükəsizliyi ilə bağlı ciddi problemə çevrilir.

Yaşayış binalarının həyətyanı ərazilərində sakinlərin razılığı və ya müvafiq dövlət qurumlarının icazəsi olmadan dəmir maneələrin, dirəklərin və şlaqbaumların quraşdırılması qanunvericiliyə uyğundurmu? Əgər özbaşına quraşdırılmış maneələr təcili yardım, yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə mane olarsa, buna görə kim məsuliyyət daşıyır və hansı sanksiyalar tətbiq oluna bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında əmlak eksperti İlkin Məmmədkərimov bildirib ki, son illər yaşayış binalarının həyətyanı ərazilərində təhlükəsizlik və parklanma problemlərini əsas gətirərək şlaqbaum, dəmir maneə və müxtəlif dirəklərin quraşdırılması halları artıb.

Onun sözlərinə görə, sakinlərin öz təşəbbüsü ilə belə qurğuların quraşdırılması onların qanuni olduğu anlamına gəlmir:

“Həyətyanı ərazilər ümumi istifadədə olan sahələr hesab edilir və həmin ərazilərdə hər hansı məhdudlaşdırıcı qurğunun quraşdırılması qanunvericiliyin tələblərinə uyğun şəkildə, aidiyyəti dövlət qurumlarının razılığı və müəyyən hallarda mənzil mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında həyata keçirilməlidir. Əgər bu cür maneələr özbaşına quraşdırılıbsa və nəqliyyatın, xüsusilə də təcili yardım, yanğınsöndürən və digər operativ xidmət avtomobillərinin əraziyə daxil olmasına maneə yaradırsa, bu, artıq ciddi hüquqi məsuliyyət yarada bilər. Belə hallarda maneənin quraşdırılmasına təşəbbüs göstərən və ya buna cavabdeh olan şəxslər inzibati məsuliyyət daşıya, qanunsuz qurğular isə sökülə bilər.

Unutmaq olmaz ki, fövqəladə hallarda saniyələrin belə həyati əhəmiyyəti var. Özbaşına quraşdırılmış bir şlaqbaum və ya dəmir maneə xilasedici xidmətlərin hadisə yerinə gec çatmasına səbəb olarsa, bunun doğurduğu nəticələrə görə məsuliyyət daha da ağırlaşa bilər. Buna görə də hər hansı məhdudlaşdırıcı qurğu quraşdırılmazdan əvvəl mütləq qanunvericiliyin tələblərinə əməl edilməli və aidiyyəti qurumlarla razılaşdırma aparılmalıdır", – deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az