Sosial Özəl

Maddi sabitliyi olmayan gəncdən ailə qurmasını gözləmək real yanaşma deyil — Sosioloq

Maddi sabitliyi olmayan gəncdən ailə qurmasını gözləmək real yanaşma deyil — Sosioloq

Bu ilin ilk beş ayında (yanvar–may) Azərbaycanda nikah və boşanmaların sayı azalıb. Nikahların azalmasını necə izah etmək olar? Gənclər arasında evliliyə baxış dəyişir, yoxsa bu, tamamilə başqa sosial amillərlə bağlıdır?

Sosioloq Mətanət MəmmədovaDemokrat.az-a açıqlamasında bildirib ki,cari ilin ilk beş ayı üzrə nikahların və boşanmaların sayının eyni vaxtda azalması həm sevindirici, həm də narahatedici haldır.

Onun sözlərinə görə, narahatedici məqam nikahların sayının azalması, sevindirici məqam isə boşanmaların azalmasıdır:

Maddi sabitliyi olmayan gəncdən ailə qurmasını gözləmək real yanaşma deyil — Sosioloq

“Ötən ilin göstəricilərində nikahların və boşanmaların sayı demək olar ki, bir-birinə yaxınlaşmışdı. Nikahların sayının azalmasını bir neçə amillə əlaqələndirmək olar. Bunlardan biri gənclərin evliliyə baxışının dəyişməsidir. Bugünkü gənclər əvvəlki nəsillər kimi düşünmürlər. Onlar əvvəlcə karyera qurmaq, ali təhsilin daha yüksək pillələrini başa vurmaq, mənzil şəraitlərini yaxşılaşdırmaq, daha sonra isə ailə qurmaq istəyirlər. Xaricə səyahət etmək, dünyanı gəzmək və fərdi hədəflərini reallaşdırmaq istəyi də gənclərin evliliyə münasibətini dəyişib.

Digər tərəfdən, sosial problemlər də gənclərin ailə qurmasını gecikdirən əsas amillərdəndir. Bunların başında işsizlik gəlir. Bildiyiniz kimi, ölkədə bir çox gənc iş tapmaqda çətinlik çəkir. Nəticədə onların bir qismi xarici ölkələrə üz tutur, iş axtarırlar. Mənzil probleminin mövcudluğu da ciddi maneələrdən biridir. Gənc düşünür ki, “ailə qurduqdan sonra harada yaşayacağam?” Bu kimi problemlər onların evlənməsini gecikdirir.

İpoteka kreditlərinin şərtləri də hər bir gənc üçün əlçatan deyil. Bu imkanlardan yararlanmaq üçün müəyyən tələblər mövcuddur və hər bir gənc həmin şərtlərə cavab vermir. Buna görə də mənzil təminatı gənclər üçün ciddi problem olaraq qalır.

Valideynlər də övladlarını ailə qurmağa həvəsləndirərkən onların gələcəyini düşünürlər. Onlar narahat olurlar ki, övladları harada yaşayacaq, necə işləyəcək və ailəsini necə dolandıracaq. İşsiz gəncin ailə qayğıları çox vaxt yenə də valideynlərin üzərinə düşür. Buna görə də əvvəlki kimi tələsmirlər, övladlarının əvvəlcə təhsil almasını, iş tapmasını və müəyyən həyat şəraiti qurmasını istəyirlər. Əvvəllər valideynlər oğlan övladları 23–24 yaşına çatdıqda onları ailə qurmağa sövq edirdilər. Qızların isə universiteti bitirdikdən sonra, adətən 21–23 yaş arasında ailə qurması gözlənilirdi. İndi isə vəziyyət dəyişib. Qızlar da əvvəlcə karyera qurmaq, iş sahibi olmaq istəyirlər. Həmçinin ailə quracaqları şəxsin də iş və mənzil şəraitinin qənaətbəxş olmasına üstünlük verirlər. Buna görə də ailə qurmaq qərarı daha gec verilir.

Bütün bunlar statistik göstəricilərdə də öz əksini tapır. İlk beş ayın göstəricilərində həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Boşanmaların azalması, əlbəttə ki, müsbət haldır. Heç kim qurulan ailələrin dağılmasını istəməz. Bu, ailə institutuna mənfi təsir göstərir və ailə dəyərlərinə zərbə vurur.

Nikahların sayının azalması isə uzunmüddətli perspektivdə demoqrafik vəziyyətə təsir göstərə bilər. Ailələr gec qurulduqda uşaqlar da gec dünyaya gəlir. Bu isə doğum səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Son dövrlərdə açıqlanan statistik göstəricilər də göstərir ki, Azərbaycanda əhalinin yaşlanması prosesi müşahidə olunur. Əgər bu tendensiya davam edərsə, gələcəkdə yaşlı əhalinin xüsusi çəkisi daha da arta bilər. Bunun səbəblərindən biri də gənclərin ailə qurmasını və uşaq sahibi olmasını gecikdirməsidir. Nəticədə nəsillərin yenilənməsi tempi zəifləyir.

Uzunmüddətli perspektivdə nikahların azalması və doğum səviyyəsinin aşağı düşməsi əhalinin sayına və yaş strukturuna təsir göstərə bilər. Buna görə də gənclərin ailə qurmasına mane olan sosial problemlərin həlli vacibdir.

Dövlət tərəfindən gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi, mənzil təminatının əlçatanlığının artırılması və məşğulluq imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Ən vacib məsələlərdən biri gənclərin işlə təmin olunmasıdır. Bu gün əsas problemlərdən biri budur: universiteti bitirən gənclər niyə ixtisaslarına uyğun iş tapa bilmirlər? İş elanlarında tez-tez “3–4 il iş təcrübəsi tələb olunur” şərtinin qoyulması da yeni məzunlar üçün ciddi maneəyə çevrilir. Təcrübəsi olmayan gənc həmin təcrübəni harada qazanmalıdır? Bu yanaşma yenidən nəzərdən keçirilməli, gənclərin əmək bazarına çıxış imkanları genişləndirilməlidir. İş tapa bilməyən, maddi sabitliyi olmayan gəncdən ailə qurmasını gözləmək isə real yanaşma deyil”, – deyə sosioloq fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az