İran ABŞ-nin ölkə ərazisinə endirdiyi zərbələr dayandırılana qədər Hörmüz boğazını gəmiçilik üçün açmayacaq və gəmilərin keçidinə icazə verməyəcək. Bildirilib ki, ABŞ-nin hücumları davam etdiyi müddətdə boğazdakı vəziyyət dəyişməyəcək və heç bir gəmiyə keçidə icazə verilməyəcək.
İran bu qərarı uzun müddət davam etdirə bilər, yoxsa bu daha çox siyasi təzyiq vasitəsi kimi qiymətləndirilməlidir?
Siyasi şərhçi Çingiz Şahbazi Demokrat.az-a açıqlamasında bildirib ki, İran Hörmüz boğazını heç bir halda uzun müddət bağlı saxlaya bilməz:
“Lakin onu uzun müddət qeyri-sabitlik şəraitində və təhlükəli zona kimi saxlamaq imkanına malikdir. Digər tərəfdən, Hörmüz boğazı İran üçün də həyati əhəmiyyət kəsb edir və ölkənin neft ixracının böyük hissəsi məhz bu marşrutdan həyata keçirilir. Bu səbəbdən boğazın uzun müddət bağlı qalması İranın özü, xüsusilə də iqtisadiyyatı üçün böyük zərbə deməkdir. ABŞ və müttəfiqləri boğazın uzun müddət bağlı qalmasından narahatdırlar və bu, onlar üçün strateji baxımdan qəbuledilməz hesab olunur. Çünki dünya üzrə dəniz yolu ilə daşınan neftin mühüm hissəsi məhz bu boğazdan keçir. Onu da qeyd etmək lazımdır ki, burada İranın məqsədi boğazı uzunmüddətli perspektivdə bağlamaq deyil. İran daha çox ABŞ və müttəfiqlərinə iqtisadi təzyiq göstərmək, eyni zamanda neft qiymətlərinin artmasına nail olmaq istəyir. Bu isə onun həm danışıqlar masasında mövqeyini gücləndirməyə, həm də daxili auditoriyaya güc nümayiş etdirməyə xidmət edir. Göründüyü kimi, ABŞ ehtiyatlı davranır və hərbi təzyiqi birtərəfli şəkildə deyil, diplomatik kanalları da açıq saxlamaqla davam etdirir. Qətər, Oman, Misir, Pakistan və digər ölkələr də eyni zamanda vasitəçilik missiyasını həyata keçirirlər”.
Ekspert əlavə edib ki, belə olan halda baş verənləri müəyyən qədər siyasi manevrlər və qarşılıqlı təzyiq strategiyası çərçivəsində qiymətləndirmək olar:
“Bunu sadəcə blef kimi qəbul etmək də doğru olmazdı. Həm İran, həm də ABŞ real hərbi və iqtisadi alətlərdən istifadə edərək qarşı tərəfi güzəştə məcbur etməyə çalışırlar. Bu isə vəziyyətin nəzarətdən çıxması baxımından böyük risk yaradır və genişmiqyaslı regional müharibəyə çevrilmə ehtimalını artırır. Belə bir vəziyyətdə görünən odur ki, nə İran geri addım atmağa hazırlaşır, nə də ABŞ hərbi yolla İran üzərində qələbə qazanmaq niyyətindən tam imtina edir. Daha real ehtimal isə vasitəçilərin iştirakı ilə mərhələli razılaşmanın əldə olunması və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizlik təminatları müqabilində bərpa edilməsidir”.


