Sosial Özəl

"Pul ödədim, bitdi" deməyin — Utanıb susanları gözləyən böyük təhlükə

Pul ödədim, bitdi deməyin — Utanıb susanları gözləyən böyük təhlükə

Şantaj hallarında zərərçəkmiş şəxslərin qorxu və ya utanc hissi ilə susması əksər hallarda cinayətkarları daha da cəsarətləndirir. Çünki tələb olunan pulun və ya əmlakın verilməsi şantajın bitəcəyi anlamına gəlmir. Təcrübədə belə hallarda cinayətkarlar əldə etdikləri üstünlükdən istifadə edərək yeni tələblər irəli sürə və təzyiqləri davam etdirə bilirlər.

Azərbaycan qanunvericiliyində rüsvayedici məlumatların və ya görüntülərin yayılması hədəsi ilə pul, əmlak və ya hər hansı maddi maraq tələb edilməsi cinayət məsuliyyəti yaradır. Belə vəziyyətlə üzləşən şəxslər mümkün qədər şantajçı ilə yazışmaları, zəng qeydlərini və digər sübutları saxlamalı, dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Şantaja məruz qalan insanların susması və pul ödəməsi bu cinayətlərin artmasına nə dərəcədə şərait yaradır? Rüsvayedici məlumat və ya görüntülərlə hədələnən şəxslər üçün hüquqi müdafiə mexanizmləri hansılardır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Fərhad Mehdiyev bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, hədə-qorxu ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu tələb etmək cinayət məsuliyyəti yaradır.

O bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onlar haqqında rüsvayedici məlumatlar yayma və ya əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını, əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətləri tələb etmə hədə-qorxu ilə tələb etmə cinayətini təşkil edir:

“Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakteri daşıyan digər hərəkətləri etməsini tələb etmə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zor tətbiq etməklə və ya xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə daha ağır məsuliyyət yaradır. Bu hallarda təqsirli şəxs əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum edilə bilər”, - deyə hüquqşünas fikrini tamamlayıb.

Xatırladaq ki, ötən gün 25 yaşlı qız evdən anasının 1000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq onu şantaj edən şəxsə verib. Şantajçı həmin qızı təhdid edərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.

Nuray Paşşanlı

D
demokrat.az