Kriminal Özəl

Azərbaycanda kişi siqaretə görə dostunu öldürüb, meyitini çaya atdı

Azərbaycanda kişi siqaretə görə dostunu öldürüb, meyitini çaya atdı

Tovuz rayonunda yaşlı kişi özündən 14 yaş böyük həmkəndlisini öldürüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi rayonun Əyyublu kəndində ötən ilin sentyabrın 18-də baş verib.

Kənd sakini, 1975-ci il təvəllüdlü Yaşar Qasımov həmin gün axşam saat 23 radələrində kənddə yerləşən fərdi yaşayış evində 1961-ci ildə anadan olmuş Elxan Məmmədovla birlikdə spirtli içki qəbul edib. Daha sonra masanın üzərinə qoyduğu ona məxsus iki ədəd siqaret qutusunu Elxanın gizli şəkildə götürərək cibinə qoyması səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı qisas almaq niyyəti ilə Elxan Məmmədovu qəsdən öldürmək qərarına gəlib.

Bu niyyətini həyata keçirmək üçün əvvəlcə Elxanın sifət nahiyəsinə yumruq zərbələri ilə qəsdən bir neçə dəfə ardıcıl zərbə vurub. Bundan sonra onu arxası üstə yerə yıxıb və əlləri ilə başından tutaraq Elxan Məmmədovun baş nahiyəsini ardıcıl olaraq bir neçə dəfə evin beton döşəmə səthinə zərbə ilə vurub. Elxan Məmmədov aldığı zərbələrdən ölüb.

Daha sonra Yaşar törətmiş olduğu cinayət əməlini gizlətmək məqsədilə Elxanın meyitini sürüyərək yaşadığı evin yaxınlığında yerləşən “Zəyəm çayı”nın Tovuz rayonu, Əyyublu kəndi ərazisindən keçən hissəsinin hövzəsinə atıb.

Yaşar Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Yaşar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Elxan həmkəndlisi kimi tanıyıb:

“Mənim Elxan ilə salam-kalamım olub. Elxan evimə gələrək ona 50 qram araq verməyimi istədi. Mən də cavab olaraq dedim ki, elə araq içməzlər, gəl çörək yeyək. Mənim özüm həmin vaxt yemək yeyib, araq içirdim. Bundan sonra biz süfrə arxasında yemək yedik”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra onlar evdən çölə çıxıblar:

“Bir qədər sonra siqaret çəkmək üçün evdə olan siqareti götürmək üçün evin içərisinə daxil oldum və siqaret götürmək istədim. Bu zaman siqaretin süfrə üzərində olmamasını bildim. Bundan sonra bir daha evin çölünə çıxaraq Elxandan siqareti istədim. Bundan sonra aramızda siqaretə görə mübahisə yarandı. Mən bilməzdim ki, nəticə belə olacaq. Biz dalaşan zaman yerə yıxıldıq və yerdə də dalaşdıq. Həmin vaxt bir iki dəfə Elxanı vuraraq ona “dur, evinə get” dedim. Həmin vaxt Elxan bir siqaret götürərək çarpayıya uzandı və siqaret çəkməyə başladı. Mən Elxanla əlbəyaxa oldum. Elxan yerdə olan zaman əlim ilə onu vurdum. Bundan sonra mənim tam yadımda deyildim. Bir qədər sonra Elxanı yenə öz evimdə gördüm və ona “bəs sənə demədim, evinə get” dedim. Daha sonra Elxanın vəfat etməsini bildim”.

Zərərçəkmiş Elxan Məmmədovun hüquqi varisi, oğlu ifadəsində göstərib ki, hadisədən 15-20 gün əvvəl Rusiya Federasiyasından Azərbaycana gəlib:

“Bundan sonra evdə iş görmək istədim. 8-10 ilə yaxındır ki, atam ilə ayrı-ayrılıqda yaşamışıq. Əmim oğlu tərəfindən mənə zəng gəldi və hadisə barədə məlumat verildi”.

Zərərçəkmiş şəxsin hüquqi varisi deyib ki, onun təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur: “Mən təqsirləndirilən şəxslə düşmən deyiləm. Bizim ailələrimiz barışıblar. Mən təqsirləndirilən şəxsi bağışlayıram”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Yaşar Qasımov 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

D
demokrat.az