Sosial Özəl

"Alan da, satan da razıdırsa, niyə bu məsələ gündəmə gətirilir?"

Alan da, satan da razıdırsa, niyə bu məsələ gündəmə gətirilir?

Azərbaycanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin "Temu" platformasının qiymət siyasəti ilə bağlı araşdırma aparması müzakirələrə səbəb olub. İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı paylaşım edərək "Temu"nun fəaliyyətini klassik "dumping" anlayışı ilə əlaqələndirməyin doğru olmadığını bildirib.

Natiq Cəfərlinin sözlərinə görə, dünya praktikasında "dumping" adətən bazarda üstün mövqe əldə etmək istəyən istehsalçıların məhsullarını uzun müddət maya dəyərindən aşağı qiymətə sataraq rəqibləri bazardan sıxışdırması ilə xarakterizə olunur.

"Temu istehsalçıdırmı? Yox. Temu Çin mənşəli beynəlxalq onlayn alış-veriş və elektron ticarət platformasıdır. Şirkət birbaşa istehsalçılarla işləyir və milyonlarla məhsul təklif edir. Qiyməti istehsalçılar müəyyənləşdirir, Temu isə sifariş və çatdırılmanı həyata keçirir. Yəni klassik mənada 'dumping' etmək imkanı məhduddur".

İqtisadçı hesab edir ki, platformanın fəaliyyətinə dövlət nəzarəti vacibdir. Lakin onun fikrincə, bu nəzarət ilk növbədə istehlakçı hüquqlarının qorunmasına yönəlməlidir.

"Əgər sifariş edilən məhsullar keyfiyyətsiz çıxırsa, reklam olunan məhsuldan fərqlənirsə və ya istehlakçı hüquqları pozulursa, bunlar mütləq araşdırılmalıdır. Dövlət istehlakçıların hüquqlarını qorumalıdır".

Natiq Cəfərli Agentliyin araşdırmasında məhz "dumping" məsələsinin ön plana çıxarılmasını isə sual altına alıb.

"Bəs indi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nədən məhz 'dumping' məsələsini önə çəkib araşdırma aparır? Kim şikayət edib? Hansı rəqibi? Alan razı, satan razıdırsa, istehlakçılardan da şikayət yoxdursa, niyə bu məsələ gündəmə gətirilir?"

İqtisadçının fikrincə, platformaya qarşı tətbiq oluna biləcək mümkün cərimələrin yükü son nəticədə istehlakçıların üzərinə düşəcək.

"Tutalım, Temu cərimə olundu. O zaman çatdırılma xidməti bahalaşacaq və həmin cəriməni nəticədə biz – vətəndaş ödəyəcəyik. İstənilən cərimə, vergi və rüsumun son ödəyicisi vətəndaşdır. Biznes bu xərcləri öz cibindən ödəmir. Cərimələr artdıqca qiymətlər də yüksəlir".

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Temu"nun Azərbaycan bazarında tətbiq etdiyi qiymət siyasəti ilə bağlı araşdırma apardığını açıqlayıb. Araşdırmanın nəticələri hələ açıqlanmayıb.

Demokrat.az

D
demokrat.az