Maraqlı Özəl

Bəziləri niyə heç xəstələnmir? — Güclü immunitetin sirri şans deyil

Bəziləri niyə heç xəstələnmir? — Güclü immunitetin sirri şans deyil

Bəzi insanlar eyni mühitdə olduqları halda günlərlə xəstə yatağında qalır, digərləri isə xəstəliyi yüngül əlamətlərlə keçirir və ya ümumiyyətlə xəstələnmir.

Demokrat.az-ın məlumatına görə, alimlər bildirirlər ki, bunun səbəbi təkcə güclü immunitet deyil, immun sisteminin infeksiyaya doğru zamanda və düzgün reaksiya verməsidir. İmmun davamlılıq (immune resilience) adlandırılan bu xüsusiyyət sağlam və uzunömürlü həyatın əsas amillərindən biri hesab olunur.

Məsələn, ofisdə bir nəfər asqırdıqdan sonra qısa müddətdə ətrafındakı insanların əksəriyyəti xəstələnə bilər. Lakin bəzi şəxslər eyni mikroba məruz qalsalar da, gündəlik həyatlarını heç nə olmamış kimi davam etdirirlər.

Mütəxəssislərin fikrincə, bunun arxasında təkcə genetika və ya şans deyil, immun sisteminin infeksiyaya verdiyi balanslı cavab dayanır.

Yeni araşdırmalar göstərir ki, uzunömürlülüyün sirri həddindən artıq güclü immunitetdə deyil, lazım gəldikdə effektiv mübarizə aparan, təhlükə aradan qalxdıqdan sonra isə sakitləşə bilən çevik müdafiə sistemindədir.

Professor, tibb elmləri doktoru Osman Müftüoğlu bu mövzu ilə bağlı yazısında qeyd edir ki, immun sistemi orkestrin dirijoru kimi işləməlidir — nə zəif, nə də həddindən artıq aktiv, məhz lazım olduğu qədər.

İmmunitetin həddindən artıq aktiv olması da təhlükəlidir

Əksər insanlar güclü immunitetin həmişə üstünlük olduğunu düşünür. Halbuki immun sistemi həddindən artıq aktivləşdikdə orqanizmin öz toxumalarına zərər verməyə başlaya bilər. Bu vəziyyət güclü iltihabi reaksiyalarla müşayiət olunur.

COVID-19 pandemiyası zamanı ağır xəstələnən bir çox insan üçün əsas problem təkcə virus deyil, infeksiyadan sonra nəzarətdən çıxan iltihab reaksiyası idi. Bəzən təhlükə mikrobdan deyil, onu məhv etməyə çalışan immun sisteminin həddindən artıq reaksiyasından qaynaqlanır.

Zəif immunitet də risk yaradır

Digər tərəfdən, immun sisteminin kifayət qədər reaksiya verməməsi də ciddi problemlərə səbəb olur. Bu halda virus və ya bakteriyalar sürətlə çoxalır, xəstəlik daha ağır keçir, sağalma prosesi uzanır və ağırlaşma riski artır.

Mütəxəssislər bildirirlər ki, ən sağlam insanlar nə həddindən artıq iltihab yaradanlar, nə də çox zəif reaksiya verənlərdir. Ən əlverişli vəziyyət infeksiyaya sürətli cavab verən, lazım olduğu qədər iltihab yaradan və təhlükə aradan qalxdıqdan sonra bu prosesi dayandıra bilən immun sisteminə sahib olmaqdır. Bu xüsusiyyət "immun davamlılıq" adlanır.

Niyə eyni qrip hər kəsə fərqli təsir edir?

Bəzi insanlar qripi iki-üç günə sağaldığı halda, digərləri həftələrlə özünə gələ bilmir.

Səbəb təkcə virusun məhv edilməsi deyil. Əsas məsələ orqanizmin əvvəlki sağlam vəziyyətinə nə qədər tez qayıtmasıdır. Bəzi hallarda infeksiyadan sonra aşağı səviyyəli xroniki iltihab qalır. Bu isə ürək-damar xəstəlikləri, şəkərli diabet, “Alzheimer” xəstəliyi və əzələ itkisi kimi yaşlanma ilə əlaqəli problemlərin yaranmasına zəmin hazırlaya bilər.

Yaş tək amil deyil

"Yaş artdıqca immunitet zəifləyir" fikri hər zaman doğru deyil. 80 yaşında güclü immun sisteminə malik insanlar olduğu kimi, 60 yaşında tez-tez infeksiyaya yoluxan şəxslər də var.

Mütəxəssislər vurğulayırlar ki, əsas göstərici təqvim yaşı deyil, immun sisteminin bioloji vəziyyətidir.

Müəllimlər, tibb işçiləri, uşaq bağçası əməkdaşları və ictimai nəqliyyatdan mütəmadi istifadə edən şəxslər daha çox mikroba məruz qaldıqları üçün xəstələnmə ehtimalı daha yüksəkdir. Bununla belə, məruz qalma ilə yanaşı, immun sisteminin funksional vəziyyəti də həlledici rol oynayır.

İmmuniteti dəstəkləyən 10 tövsiyə

Alimlərin tövsiyə etdiyi əsas üsullar bunlardır:

1. Müntəzəm fiziki fəaliyyətlə məşğul olun. 2. Kifayət qədər və keyfiyyətli yatın. 3. Tərəvəz və meyvələrlə zəngin qidalanın. 4. Kifayət qədər zülal qəbul edin. 5. Sağlam bədən çəkisini qoruyun. 6. Siqaretdən uzaq durun. 7. Zərurət olduqda peyvənd olunun. 8. Əl gigiyenasına riayət edin. 9. Riskli mühitlərdə maskadan istifadə edin. 10. Xroniki stressi azaltmağa çalışın.

Mütəxəssislər qeyd edirlər ki, immun sistemi hər gün dəstəklənməsi vacib olan mürəkkəb müdafiə mexanizmidir. Onun sağlam qalması qısamüddətli tədbirlərdən deyil, ömürboyu davam edən sağlam həyat tərzindən asılıdır.

Osman Müftüoğlunun sözlərinə görə, yaxşı immunitet hər mikrobu məhv edən deyil, lazım gəldikdə effektiv mübarizə aparan və təhlükə aradan qalxdıqdan sonra yenidən tarazlığa qayıda bilən immun sistemidir. Əsl sağlamlıq mikroblarla heç vaxt qarşılaşmamaq deyil, onlarla qarşılaşdıqda orqanizmin düzgün və balanslı reaksiya verə bilməsidir.

Jalə

D
demokrat.az