İran ABŞ ilə imzalanan anlaşma memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb. Bu qərar Tehranın Vaşinqtona siyasi təzyiq vasitəsi kimi qiymətləndirilə bilərmi, yoxsa regionda yeni gərginlik mərhələsinin başlanğıcıdır? Bu addım İranın nüvə proqramı ilə bağlı danışıqların gələcəyinə necə təsir göstərə bilər? Yeni diplomatik proseslərin başlanması ehtimalı varmı? İranın öhdəliklərdən imtina etməsi ABŞ və Avropa ölkələrinin sanksiya siyasətini daha da sərtləşdirə bilərmi?
Yaxın Şərqdə onsuz da mürəkkəb təhlükəsizlik mühitində bu qərar İsrail, Körfəz ölkələri və digər regional oyunçuların siyasətinə necə təsir edəcək?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Yaxın Şərq regionunda kifayət qədər dərin gərginlik mövcuddur.
Onun sözlərinə görə, ABŞ və İran qarşılıqlı anlaşma memorandumundan imtina etdiklərini bəyan ediblər:
“Bu zaman tərəflər məsuliyyəti bir-birinin üzərinə atırlar. ABŞ sonuncu dəfə zərbə endirərkən İranın razılaşmanın şərtlərini pozduğunu bildirmişdi. İran isə öz növbəsində ABŞ-a etimadın olmadığını vurğulayaraq, Vaşinqtonun endirdiyi zərbələrin yenidən gərginliyə səbəb olduğunu bəyan edib. Bu baxımdan İranın xarici işlər nazirinin müavini rəsmi olaraq bildirib ki, ölkə artıq qarşılıqlı anlaşma memorandumundan imtina edir.
Bütün hallarda hesab edirəm ki, genişmiqyaslı müharibə baş verməyəcək. Çünki İranla ABŞ arasında belə bir qarşıdurma uzun illər davam edə biləcək, idarəolunmaz hərbi-siyasi və geosiyasi böhrana səbəb ola bilər. Bu səbəbdən nə region ölkələri, nə də ABŞ kəskin qarşıdurmaya getməyəcək.
Digər səbəb isə ABŞ-da payızda keçiriləcək aralıq seçkiləridir. Müharibənin genişlənməsi Tramp administrasiyasının maraqlarına uyğun deyil və bu, seçkilərdə onun mövqelərinə təsir göstərə bilər. Onun fikrincə, ABŞ daxilində yaranan narazılıqlar, Vaşinqtonla Avropa arasındakı gərginlik və Yaxın Şərqdə yürüdülən siyasət respublikaçıların qarşıdakı seçkilərdə mövqelərinə təsir göstərə biləcək amillərdəndir.
Bu amilləri nəzərə alaraq hesab edirəm ki, Tramp genişmiqyaslı müharibəyə getməyəcək. Çünki bunun məsuliyyətini daşımaq istəməyəcək. Region ölkələrinin də müharibəyə cəlb olunması halında genişmiqyaslı qarşıdurmanın nəticələri ABŞ administrasiyası üçün ciddi siyasi risklər yarada bilər. Buna görə də düşünürəm ki, Tramp administrasiyası məhdud zərbələrlə kifayətlənəcək.
Bundan əlavə, artıq bir neçə dəfə müşahidə etmişik ki, İran və ABŞ qarşılıqlı zərbələr endirsələr də, diplomatik kanallar açıq qalır. ABŞ-İran qarşıdurmasının xarakterik cəhətlərindən biri də gərginlik fonunda tərəflər arasında diplomatik təmasların davam etməsidir. Hətta yayılan məlumatlara görə, baş verən hadisələrə baxmayaraq, tərəflər yenə də müzakirələr aparırlar. Bu baxımdan hesab edirəm ki, genişmiqyaslı müharibə baş verməyəcək.
Memorandumdan imtinanın əsas nəticəsi isə İranın nüvə proqramı ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən geri çəkilməsi kimi qiymətləndirilə bilər. Bu isə ABŞ-ın maraqlarına uyğun deyil və İranın nüvə proqramını daha sərbəst şəkildə davam etdirə biləcəyi ehtimalını artırır. Eyni zamanda İran memorandumdan çıxmaqla öz mövqeyində israr etdiyini nümayiş etdirir.
Tehran hesab edir ki, regional təhlükəsizlik sistemi kənar qüvvələrin, xüsusilə də ABŞ-ın iştirakı olmadan formalaşdırılmalıdır. Bu isə Körfəz ölkələrini çətin seçim qarşısında qoyur. Çünki həmin ölkələrin ABŞ ilə yaxın münasibətləri var və Vaşinqtonun dəstəkləmədiyi mövqe nümayiş etdirmək onlar üçün asan deyil.
Bütün bunlar region üçün olduqca təhlükəlidir. Bu proses dünya iqtisadiyyatına da ciddi təsir göstərə bilər. Çünki Hörmüz boğazı qlobal enerji daşımaları baxımından mühüm marşrutlardan biridir. Burada yaranacaq hər hansı problem enerji resurslarının qiymətinin artmasına və qlobal bazarlarda bahalaşmaya səbəb ola bilər.
ABŞ müəyyən mənada bundan faydalana, öz enerji resursları üçün yeni bazarlar əldə edə bilər. Lakin bu, eyni zamanda onun müttəfiqi olan Körfəz ölkələrinin iqtisadi maraqlarına da təsir göstərə bilər. Bu baxımdan hesab edirəm ki, hazırkı mərhələdə ABŞ-ın manevr imkanları geniş deyil.
Ekspertin fikrincə, qarşıdakı mərhələdə ya tərəflər arasında ciddi eskalasiya baş verə, ya da diplomatik yollarla gərginliyin azaldılması istiqamətində addımlar atıla bilər. Bu prosesin hansı istiqamətdə inkişaf edəcəyini isə zaman göstərəcək”, – deyə Elşad Mirbəşiroğlu fikrini yekunlaşdırıb.


