Siyasət Özəl

“Rusiyanın miqrasiya siyasəti beynəlxalq hüquq normalarına ziddir” — Politoloq

“Rusiyanın miqrasiya siyasəti beynəlxalq hüquq normalarına ziddir” — Politoloq

Rusiyada miqrasiya sahəsində nəzarətin gücləndirilməsinə yönəlmiş təşəbbüslər müzakirə olunur. Təkliflərdən biri ölkəyə daxil olan miqrantların xüsusi proqram təminatı ilə təchiz edilmiş mobil telefonlardan istifadə etməsinin məcburi olması ilə bağlıdır.

Bu addım fərdi azadlıqların məhdudlaşdırılmasıdır, yoxsa dövlətlərin milli təhlükəsizlik üçün keçməli olduğu qaçılmaz mərhələdir? Oxşar addımlar digər ölkələrdə də tətbiq edilə bilərmi?

Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında deyib ki, Rusiyanın miqrasiya siyasəti əslində beynəlxalq hüquq normalarına kəskin şəkildə ziddiyyət təşkil edən məqamlarla yüklənib:

“Hər bir dövlət öz təhlükəsizliyini qorumaq səlahiyyətinə malikdir. Öz təhlükəsizliyini təmin etmək və miqrantların nəzarət altında saxlanılması üçün müəyyən addımlar atıla bilər. Ancaq insan hüquqlarının pozulması hesabına atılan addımlar beynəlxalq hüquq normalarına ziddir. O cümlədən, mobil telefonlara xüsusi proqramların yüklənməsinə məcburiyyət qoyulması miqrantların insan hüquqları baxımından sərt şəkildə sıxışdırılması anlamına gəlir. Ümumiyyətlə, Rusiyanın ölkədaxili siyasəti qeyri-rus əhaliyə və qeyri-rus miqrantlara qarşı təqib və təzyiq elementləri üzərində qurulub. Bu da yolverilməz haldır”.

Politoloq Rusiyanın ümumiyyətlə miqrantlar üzərindən Cənubi Qafqaz və Orta Asiya ölkələrinə təzyiq göstərməyə çalışdığını əlavə edib:

“Bu, Rusiyanın miqrasiya siyasətinin sərtləşməsinin əsas iki səbəbindən biridir. Digər səbəb isə Rusiyada qeyri-rus əhalidən və qeyri-rus miqrantlardan ciddi şəkildə çəkinmələridir. Çünki Rusiyada əhalinin artımı qeyri-rusların xeyrinə dəyişməyə başlayıb. Hətta hesab edirlər ki, 40-50 ildən sonra Rusiya qeyri-rusların və daha çox müsəlmanların ölkəsinə çevrilə bilər. Çünki müsəlman mənşəli əhalinin artımı yüksəldiyi bir halda, rus mənşəli əhalinin artımında ciddi azalma müşahidə olunur. Bu da Kremldə belə bir narahatlıq yaradır ki, yaxın gələcəkdə milli tarazlıq qeyri-rusların xeyrinə dəyişəcək və bu, Rusiyanın gələcək taleyi üçün ciddi problem hesab olunur. Ona görə də miqrasiya siyasətini, eləcə də qeyri-ruslara qarşı yanaşma tərzini sərtləşdirməklə Kreml özü üçün iki istiqamətli hədəf müəyyənləşdirib. Ancaq bu hədəflərin Rusiyanın gələcək taleyinə hansı səviyyədə təsir göstərəcəyi hələlik müəmmalı olaraq qalır”.

Fidan Hacızadə

D
demokrat.az