Kitab insanın yalnız məlumat əldə etdiyi vasitə deyil, həm də onun düşüncə tərzini, dünyagörüşünü və hadisələrə yanaşma formasını formalaşdıran mühüm mədəni dəyərdir. Müasir dövrdə texnologiyanın, sosial şəbəkələrin və sürətli informasiya axınının həyatımıza böyük təsir göstərməsinə baxmayaraq, kitab hələ də insanı daha dərindən düşünməyə, analiz etməyə və fərqli baxış bucaqları formalaşdırmağa sövq edən əsas vasitələrdən biri olaraq qalır.
Bu gün əsas məsələ insanların kitaba çıxış imkanının olub-olmaması deyil, daha çox oxuma vərdişinin və mütaliə mədəniyyətinin nə dərəcədə formalaşdığıdır. Çünki kitab almaq və kitab oxumaq eyni anlayış deyil. Bir insanın evində çoxsaylı kitabların olması onun mütləq şəkildə mütaliə etdiyi anlamına gəlmir. Əsas məqsəd kitabı sadəcə əldə etmək deyil, onun verdiyi bilikdən, dünyagörüşündən və mənəvi dəyərlərdən faydalanmaqdır.
Kitab satışının vəziyyəti isə cəmiyyətin oxu marağını, mədəni ehtiyaclarını və intellektual tələbatını göstərən əsas göstəricilərdən biridir. Kitab mağazalarının fəaliyyəti, oxucuların seçimləri və ən çox satılan nəşrlər insanların hansı mövzulara maraq göstərdiyini ortaya qoyur. Bununla yanaşı, kitab bazarının inkişafı üçün yalnız satış məntəqələrinin çoxalması kifayət deyil, eyni zamanda insanlarda mütaliə vərdişinin yaradılması, xüsusilə uşaqlar və gənclər arasında kitaba marağın artırılması vacibdir.
Bəs Azərbaycanda kitab bazarının hazırkı mənzərəsi necədir? Oxucu sayı və kitab satışları ötən illərlə müqayisədə necə dəyişib? Ən çox hansı kateqoriyaya aid insanlar kitab alır və hazırda ən çox tələbat olan kitablar hansılardır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Qanun Nəşriyyatının sahibi, naşir Şahbaz Xuduoğlu bildirib ki, Azərbaycan kitab bazarının hazırkı mənzərəsinə baxdıqda görünür ki, kitab bazarı genişlənir və inkişaf edir.
Onun sözlərinə görə, yeni nəşriyyatlar yaranır, kitabların çeşidi artır:
“Ümumilikdə, əvvəlki illərlə müqayisədə vəziyyət daha ürəkaçandır. Lakin oxucu sayı hələ də gözlənilən səviyyədə deyil. Əslində, ölkədə oxucu potensialı kifayət qədər böyükdür, amma real oxucu sayı azdır. Məsələn, Azərbaycanda kitabların orta tirajı ən azı 2000 nüsxə olmalıdır. Hazırda isə bu göstərici təxminən 700 nüsxə təşkil edir.
Hazırda əvvəlki illərlə müqayisədə ən çox satılan kitablar arasında uşaq kitabları ön sıralardadır və bu sahədə artım müşahidə olunur. Bundan başqa, detektiv, biznes və özünüinkişaf kitablarına da maraq yüksəkdir. Eyni zamanda, sahəvi və ixtisaslaşmış kitabların çeşidi və satış həcmi hələ də azdır. Dərsliklər və dərs vəsaitləri isə istisna təşkil edir və onlar ən çox satılan nəşrlər sırasındadır. Ümumilikdə, kitab bazarının hazırkı vəziyyəti belədir", – deyə Şahbaz Xuduoğlu fikrini tamamlayıb.

