Süni intellektdən istifadə sürətlə artır. İnsanlar artıq yazılarını, tərcümələrini, hətta gündəlik ünsiyyətlərini belə AI vasitəsilə hazırlayırlar. Süni intellekt artıq təkcə texnologiya deyil, dilə də təsir göstərən yeni bir reallığa çevrilib. Əgər vaxtilə insanlar lüğətlərdən istifadə edirdilərsə, bu gün süni intellekt cümlə qurur, mətn yazır və hətta üslub təklif edir. Bəs bu dəyişiklik Azərbaycan dilinin imkanlarını genişləndirəcək, yoxsa onun özünəməxsus ifadə tərzini tədricən standartlaşdıracaq? Dilimizin özünəməxsus ifadələri, üslubu və milli-mədəni xüsusiyyətləri qorunacaq, yoxsa qlobal texnologiyaların təsiri altında zamanla dəyişəcək? Bu proses milli kimlik baxımından hansı imkan və riskləri yaradır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışov bildirib ki, dünyanın inkişaf etmiş Avropa dövlətlərində, ABŞ-də, İsraildə və Yaponiyada süni intellektdən istifadə artıq geniş yayılıb.

Ekspertin sözlərinə görə, həmin ölkələrdə süni intellektdən istifadə mədəniyyəti artıq formalaşıb və bu texnologiyanın milli kimliyin zəifləməsinə və ya dil normalarının pozulmasına səbəb olduğu müşahidə edilmir:
“Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Hələ süni intellekt geniş yayılmamışdan əvvəl belə, sosial şəbəkələrdə WhatsApp, Facebook və Instagram yazışmalarında dil normalarının tez-tez pozulduğunu, çoxsaylı imla və qrammatik səhvlərə yol verildiyini görürdük. Bu faktın özü göstərir ki, süni intellektdən məqsədyönlü və düzgün şəkildə istifadə olunmalıdır. Tələbələrlə müzakirələr zamanı həmişə bir məqamı vurğulamışam: müəyyən həddə qədər texnologiyalar insan zəkasının inkişafına kömək etsə də, onlardan həddindən artıq və düşünülməmiş şəkildə istifadə düşünmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Əgər bütün məlumatları, yazıları və tapşırıqları düşünmədən süni intellektə həvalə etsək, məlumatları ondan hazır şəkildə götürüb istifadə etsək, bu, təkcə dilimizə və milli kimliyimizə deyil, həm də təfəkkürümüzə və müstəqil düşünmə bacarığımıza mənfi təsir göstərə bilər.
Buna görə də ilk növbədə süni intellektdən istifadəyə dair maarifləndirmə işi düzgün təşkil olunmalıdır. İnsanlara bu texnologiyadan hansı hallarda, necə və hansı məqsədlərlə istifadə etməyin doğru olduğu izah edilməlidir. Cəmiyyət, xüsusilə də ziyalı təbəqə bu istiqamətdə fəal fəaliyyət göstərməlidir.
Azərbaycanda süni intellektdən istifadə hələ formalaşma mərhələsindədir. Bu səbəbdən ilk növbədə istifadənin mexanizmləri hazırlanmalı, onların tətbiqi istiqamətində ardıcıl iş aparılmalıdır. Əgər bu prosesi düzgün qura bilsək, süni intellekt nə milli kimliyimizə, nə də əsrlər boyu formalaşmış dil xüsusiyyətlərimizə təhlükə yaratmayacaq. Əksinə, ondan düzgün istifadə cəmiyyətin inkişafına mühüm töhfə verə bilər”, – deyə Elşad Abışov fikrini tamamlayıb.


