Ölkədə gündüz saatlarında havanın temperaturu 35-40 dərəcəyədək yüksəlir, axşam və gecə saatlarında isə küləkli hava və bəzi bölgələrdə isə leysan yağışları müşahidə olunur.
Maraqlıdır, axşam yağışları dənizin temperaturuna necə təsir edir?
Ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a açıqlamasında hazırda Azərbaycan ərazisində alçaq atmosfer təzyiqinin hökm sürdüyünü bildirib.
Onun sözlərinə görə, bunun fonunda yüksək təzyiq zonasından ölkə ərazisinə nisbətən soyuq hava kütlələri daxil olur: “Məhz buna görə son günlər yağıntılı və küləkli hava şəraiti daha tez-tez müşahidə edilir, havanın temperaturu isə vaxtaşırı aşağı düşür. Gündüz saatlarında havanın temperaturunun 35-40 dərəcəyə yüksəlməsi, gecələr isə sərin keçməsi kontinental iqlim tipinə xas xüsusiyyətdir. Məsələn, Naxçıvan Muxtar Respublikasında kontinental iqlim hökm sürdüyü üçün burada gündüzlər isti, gecələr isə sərin hava müşahidə olunur. Ümumiyyətlə, bu, kontinental iqlim qurşaqları üçün səciyyəvi haldır. Digər bölgələrdə də gündüz 35-40 dərəcə isti, gecələr isə sərin hava müşahidə oluna bilər. Gündüz və gecə temperaturu arasındakı fərq təbii prosesdir. Lakin hazırda ölkəyə soyuq hava kütlələrinin daxil olması bu temperatur kontrastını daha da artırır”.
Ekoloq əlavə edib ki, gecələr havanın sərin keçməsinin dəniz suyunun temperaturuna müəyyən qədər təsiri ola bilər: “Ancaq nəzərə almaq lazımdır ki, su torpaqdan fərqli olaraq gec qızır və gec də soyuyur. Buna görə də gecə saatlarında havanın sərinləşməsi dəniz suyunun temperaturunda ciddi dəyişiklik yaratmır. Səhərə yaxın, günəş doğmamışdan əvvəl havanın temperaturu daha çox aşağı düşdüyü üçün müəyyən sərinləmə hiss olunur. Lakin bu, dəniz suyunun əhəmiyyətli dərəcədə soyumasına səbəb olmur. Ona görə də narahatlığa əsas yoxdur. Küləksiz hava şəraitində insanlar rahatlıqla dənizə gedə, günəşdən, dəniz suyundan, həmçinin yod və D vitamininin faydalarından yararlana bilərlər”.


