Sosial Özəl

Səs-küy salan qonşularla bağlı məsələni hüquqi yollarla necə həll etmək olar?

Səs-küy salan qonşularla bağlı məsələni hüquqi yollarla necə həll etmək olar?

Mənzildə yaranan səs-küy qonşular arasında ən çox narazılıq doğuran məsələlərdən biridir. Gecə saatlarında yüksək səs-küyün qanunla qadağan edildiyini çoxları bilsə də, gündüz saatlarında təmir işləri, uşaq səsi və ya ev heyvanlarının yaratdığı narahatlığın hüquqi məsuliyyət yaradıb-yaratmadığı barədə fərqli fikirlər mövcuddur. Bəs bu hallarda vətəndaşın qonşusunu məhkəməyə verməsi mümkündürmü? Qanun hansı halları hüquq pozuntusu hesab edir və səs-küylə bağlı mübahisələr necə həll olunur?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Elnur Məmmədov bildirib ki, qonşuluq münasibətlərində səs-küyə görə hüquqi məsuliyyət yalnız gecə saatları ilə məhdudlaşmır.

Onun sözlərinə görə, gündüz saatlarında da səs-küy digər şəxslərin hüquqlarını və rahatlığını əhəmiyyətli dərəcədə pozursa, hüquqi mübahisə yarana bilər. Lakin hər səs-küy qanun pozuntusu hesab edilmir:

“Azərbaycan Respublıikası Mülki Məcəlləsinin 171-ci maddəsi qonşunun üzərinə qonşu təsirinə dözmək vəzifəsi qoyur. Belə ki, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Mənzildə aparılan təmir işləri, uşağın ağlaması və ya ev heyvanının təbii səsləri normal məişət həyatı çərçivəsində qiymətləndirilir. Bu hallara görə birbaşa məhkəməyə müraciət etmək üçün səs-küyün davamlı, həddən artıq intensiv olması və qonşuların hüquqlarına real zərər vurması sübut edilməlidir.

Əgər səs-küy qanunvericiliklə müəyyən edilmiş normaları aşır, dəfələrlə xəbərdarlıqlara baxmayaraq davam edir və aidiyyəti qurumların müdaxiləsinə baxmayaraq aradan qaldırılmırsa, zərərçəkən şəxs məhkəməyə müraciət edərək hüquqlarının müdafiəsini tələb edə bilər” , - deyə hüquqşünas fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az