Şou-biznes Özəl

"Qızım hər kəsə yaxın olmaq istəyir, bu məni qorxudur"

Qızım hər kəsə yaxın olmaq istəyir, bu məni qorxudur

Türkiyəli aktrisa və model Gizem Karaca analıqla bağlı səmimi etirafları ilə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, aktrisa qızı Leyla Yaz dünyaya gəldikdən sonra həyatının və düşüncə tərzinin tamamilə dəyişdiyini bildirib.

Sosial şəbəkə hesabında paylaşım edən Karaca analığın onda güclü qoruma hissi və narahatlıq yaratdığını deyib.

"Analıq həqiqətən də insanı fərqli düşünməyə vadar edir. Hər yerdə təhlükə görürəm. Beynimdə müxtəlif ssenarilər qururam. Qızım əlimi buraxıb başqa istiqamətə gedə, tanımadığım insanlarla qarşılaşa bilər. İnsanların üz ifadələrinə diqqət yetirir, niyyətlərini anlamağa çalışıram. Körpəmə yaxınlaşan hər kəsə qarşı daha həssas olmuşam", – deyə aktrisa bildirib.

Gizem Karaca qızının çox ünsiyyətcil olduğunu da vurğulayıb.

"Leyla Yaz hər kəslə ünsiyyət qurmaq, insanları qucaqlamaq istəyir. Maraqlıdır ki, kişilərdən bir qədər çəkinir. Aptekdə və ya küçədə kimsə ona gülümsəyəndə o da əl edir. Bu xüsusiyyətini çox sevirəm, amma eyni zamanda məni narahat edir", – deyə o qeyd edib.

Qeyd edək ki, Gizem Karaca 2011-ci ildə keçirilən "Miss Turkey" gözəllik müsabiqəsində ikinci yerə layiq görülüb. Bundan sonra o, aktyorluq fəaliyyətinə başlayaraq Türkiyənin tanınmış simalarından birinə çevrilib.

Aktrisa analığın psixoloji tərəflərindən də söz açıb:

"Övladınızın sizin buraxdığınız səhvləri təkrarlamamasını, sizdən daha yaxşı insan olmasını istəyirsiniz. Amma eyni zamanda onun sizə bənzəməsini də arzulayırsınız. Bu, qəribə hissdir. Bəzən özümü çox gərgin hiss edirəm və əvvəlki qədər səbirli olmadığımı anlayıram", – deyə Gizem Karaca bildirib.

Fidan Hacızadə

D
demokrat.az