Kriminal Özəl

Bakıda kişi qadının saçını yolduğuna görə məhkəməyə düşdü

Bakıda kişi qadının saçını yolduğuna görə məhkəməyə düşdü

Bakının Xətai rayonunda 42 yaşlı kişi tanışına xəsarət yetirdiyinə görə məhkum edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonunun N.Tusi küçəsində yerləşən telefon mağazasında baş verib.

İstintaq materiallarına əsasən, 1984-cü il təvəllüdlü Zaur (ad şərtidir) işlətdiyi telefon mağazasında tanışı Əsmərlə (ad şərtidir) şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə zamanı Zaur tanışına zor tətbiq edərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Zaura Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə ifadə verən Zaur elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Əsməri təxminən 6 ildir tanıyır:

"Telefon mağazasında olarkən şəxsi münasibətlər zəminində aramızda mübahisə yarandı. Əsəbiləşərək onun sağ əlini bərk sıxdım. Daha sonra saçından tutaraq yoldum və onu döydüm. Etdiyim əməldən peşmanam".

Zərərçəkmiş Əsmər isə ifadəsində bildirib ki, Zauru 5-6 ildir tanıyır:

"Hadisə günü saat 20:00 radələrində Zaurun işlətdiyi telefon mağazasında olarkən aramızda şəxsi münasibətlər zəminində mübahisə yarandı. Mübahisə zamanı Zaur sağ əlimi bərk sıxdı, sonra üzərimə gələrək saçlarımdan tutub yoldu və məni döydü. Baş nahiyəmdə, xüsusilə də saç diblərində ağrılar olduğu üçün polisə müraciət etdim".

Xətai Rayon Məhkəməsinin hökmü ilə Zaur 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, o, cəza müddəti ərzində hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk edə bilməz. Həmçinin bu müddətdə Bakı şəhərinin inzibati ərazisini tərk etməsi də qadağan olunub.

Bundan başqa, Zaurun elektron nəzarət vasitəsini gəzdirməsi və onun işlək vəziyyətdə saxlanılmasını təmin etməsi, məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməməsi, iş və ya təhsil yerini dəyişdiyi halda cəzanın icrasına nəzarət edən orqanı əvvəlcədən məlumatlandırması öhdəliyi müəyyən edilib.

Məhkəmənin hökmü ilə onun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi də qoyulub.

Fariz Məlikli

D
demokrat.az