Sosial Özəl

Təhsildə yeni mərhələ: Süni intellekt müəllimin yerini tutacaq?

Təhsildə yeni mərhələ: Süni intellekt müəllimin yerini tutacaq?

Azərbaycanda şagirdlər üçün köməkçi mentor funksiyasını yerinə yetirəcək "EduSLM" adlı süni intellekt həlli istifadəyə veriləcək. Sistem şagirdlərin bilik səviyyəsinə uyğun fərdiləşdirilmiş dəstək təqdim edəcək. "EduSLM" dərsliklərdəki sualları cavablandıracaq, testlər hazırlayacaq, ev tapşırıqlarını yoxlayıb qiymətləndirəcək. Bundan əlavə, platforma interaktiv tədris materialları yaradacaq, şagirdlərin nailiyyətlərini təhlil edəcək və tədris prosesinin daha səmərəli təşkilinə dəstək verəcək.

Süni intellektin təhsildə sürətlə tətbiqi gələcəkdə müəllimlərin rolunu azalda və ya onların işini əvəz edə bilərmi?

Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellekt müəllimi əvəz edəcək bir texnologiya deyil, əksinə, müəllimin imkanlarını genişləndirə biləcək bir alətdir:

“”EduSLM” kimi platformaların tətbiqi şagirdlər üçün fərdiləşdirilmiş öyrənmə imkanları yaradır. Bu platformalar şagirdlərin həm zəif, həm də güclü tərəflərini daha dəqiq müəyyənləşdirməyə, əlavə tapşırıqlar hazırlamağa, ev tapşırıqlarını operativ yoxlamağa və ümumilikdə müəllimin gündəlik iş yükünü azaltmağa kömək edir. Bu isə müəllimə daha çox vaxtını şagirdin inkişafına, tənqidi düşüncə bacarıqlarının formalaşdırılmasına, ünsiyyət bacarıqlarının inkişafına və motivasiyasının artırılmasına sərf etmək imkanı yaradır. Lakin, təhsil yalnız məlumat və ya informasiya ötürməkdən ibarət deyil. Müəllim sinifdə psixoloji mühit yaradır, şagirdin emosional vəziyyətini qiymətləndirir, onu ruhlandırır, dəyərlər aşılayır və sosial bacarıqlarının inkişafına təsir göstərir. Bunlar süni intellektin tam şəkildə yerinə yetirə bilməyəcəyi funksiyalardır”.

Ekspert qeyd edib ki, əksinə yaxın gələcəkdə əmək bazarında ən çox ehtiyac duyulacaq müəllimlər məhz süni intellektdən səmərəli istifadə etməyi bacaran müəllimlər olacaq:

“Çünki texnologiya inkişaf etdikcə müəllimin rolu azalmaqdan daha çox dəyişir. O, artıq təkcə bilik verən şəxs deyil, öyrənmə prosesini idarə edən, düzgün istiqamətləndirən və şagirdə fərdi yanaşmanı təmin edən bir mentor rolunu oynayır. Ona görə də “EduSLM” kimi həlləri müəllimə alternativ kimi deyil, onun peşəkar fəaliyyətini dəstəkləyən rəqəmsal köməkçi kimi qiymətləndirmək daha doğru yanaşmadır. Hesab edirəm ki, təhsilin gələcəyi “müəllim, yoxsa süni intellekt” seçimində deyil, müəllimlə süni intellektin əməkdaşlığında qurulmalıdır. Bu əməkdaşlıq düzgün təşkil olunarsa, təhsil sistemində həm keyfiyyət, həm də səmərəlilik baxımından daha uğurlu nəticələr əldə etmək mümkün olacaq”.

Fidan Hacızadə

D
demokrat.az