ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin, İran və Şimali Koreyanın ABŞ-nin seçki infrastrukturuna müdaxilə etmək imkanlarına malik olduğunu iddia edib. Tramp bildirib ki, adıçəkilən dövlətlərlə yanaşı, bəzi qeyri-dövlət qrupları da ABŞ seçki sistemləri üçün potensial təhlükə yarada bilər. “Biz hesab edirik ki, ABŞ-nin rəqibləri, o cümlədən Rusiya, Çin, İran və Şimali Koreya, eləcə də qeyri-dövlət qrupları ölkənin seçki infrastrukturunu komprometasiya etmək imkanlarına malikdir”, – deyə ABŞ lideri qeyd edib.
Bu iddialar ABŞ-də seçki təhlükəsizliyi ilə bağlı narahatlıqları artıracaqmı?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Çin, Rusiya, Şimali Koreya və İranın Amerikanın seçki sisteminə müdaxilə etməsi ilə bağlı iddiaları, əlbəttə ki, düşündürücüdür:
“Hazırda dünyada texnologiyalar o qədər ciddi şəkildə inkişaf edib ki, kiberhücumlar vasitəsilə bir çox proseslərə müdaxilə etmək olur və dövlət qurumlarının serverlərinə, informasiya mənbələrinə və onların informasiya, data mərkəzlərinə hansısa müdaxilə etmək mümkündür”.
Politoloq qeyd edib ki, bu iddia müəyyən qədər narahatlığı artıra da bilər:
“2016-cı ildə Donald Tramp seçilərkən o zamandan Amerikada belə iddialar var idi ki, Rusiya Amerikadakı seçkilərə müdaxilə edib və Donald Trampın seçilməsində yardımçı olub. Belə iddialar da zaman-zaman bundan sonra da səslənəcək. Amma ümumən götürdükdə, belə ehtimalın olması mümkün variant kimi dəyərləndirilə bilər. XXI əsr dövlətlərin əsas məsələlərindən biri milli təhlükəsizliyin təmin olunması, milli təhlükəsizliyin təmin olunması isə kibertəhlükəsizliklə birbaşa əlaqəlidir. Yəni, kibertəhlükəsizliyin təmin olunması hazırda dövlətlərin qarşısında duran əsas vəzifələrdən biridir”.


