Altı rus milyarderə məxsus yaxtalar Türkiyənin kurort şəhəri Bodrumun yaxınlığında toplaşıb.
Demokrat.az "Verstka" nəşrinə istinadən məlumat verir ki, Vladimir Putinlə əlaqələndirilən "Victoria" yaxtası da bir az əvvəl həmin əraziyə gəlib.
Nəşr bildirir ki, Roman Abramoviç, Oleq Deripaska, VTB-nin rəhbəri Andrey Kostin və "Lukoil"un təsisçisi Vahid Ələkbərova məxsus lüks yaxtalar hazırda Türkiyənin cənub və cənub-qərb sahillərində lövbər salıblar.
Məlumata görə, yaxınlıqda həmçinin Rusiyanın zəngin gümüş və qızıl yataqlarını işləyən "Polymetal" şirkətinin səhmdarı Aleksandr Nesisin və "Ural Dağ-Mədən və Metallurgiya Şirkəti"nin həmtəsisçisi və prezidenti İsgəndər Mahmudovun yaxtaları da yerləşir.
Xatırladırıq ki, 71 metrlik "Victoria" yaxtası haqda məlumat ilk dəfə 2023-cü ilin noyabrında mediaya sızmışdı. Bildirilmişdi ki, yaxta Putinin yaxın dostu Gennadi Timçenkoya məxsus şirkətin adına qeydiyyata alınıb, lakin yaxtadan şəxsən Rusiya prezidenti və onun ətrafındakı şəxslər istifadə edirlər.
"Verstka" qeyd edir ki, "Victoria" yaxtası daimi olaraq Soçidə saxlanılır. İyunun sonlarında o, Krasnodar diyarının sahillərindən ayrılaraq Bodrum istiqamətində yola düşüb.
Bundan bir qədər əvvəl Putinə məxsus digər bir yaxta – "Graceful" (müharibə başladıqdan sonra adı "Kosatka" olaraq dəyişdirilib) – Danimarka sahillərində müşahidə edilmişdi. Hazırda həmin yaxta Murmansk yaxınlığındakı Severomorsk limanında dayanıb.


