İqtisadiyyat Özəl

Banka borcu olanlar haradan pul ala bilər? — Açıqlama

Banka borcu olanlar haradan pul ala bilər? — Açıqlama

Vətəndaşların maliyyə vəsaitlərinə çıxış imkanlarının genişlənməsi ilə yanaşı, mikrokredit təşkilatlarına müraciət edənlərin də sayı artır. Xüsusilə kiçik məbləğli və təcili kredit ehtiyacı olan şəxslər üçün alternativ hesab edilən bu qurumlar fəaliyyət prinsipləri, kredit şərtləri və tənzimlənmə baxımından banklardan fərqlənir.

Bəs mikrokredit təşkilatları hansı üstünlüklərə və məhdudiyyətlərə malikdir? Vətəndaşlar BOKT-lardan kredit götürərkən hansı məqamlara diqqət yetirməli, kredit şərtlərini qiymətləndirərkən hansı riskləri nəzərə almalıdırlar?

Bank eksperti Emin Kərim Demokrat.az-a açıqlamasında kredit təşkilatlarının banklardan əsas fərqinin onların depozit qəbul edə bilməməsi və verdikləri kreditlərin müştərilərə digər banklar vasitəsilə çatdırılması olduğunu deyib.

Onun sözlərinə görə, məsələn, bank olmayan kredit təşkilatı sizə kredit ayırırsa, öz kassası olmadığı üçün həmin vəsaiti birbaşa təqdim edə bilmir:

“Kredit məbləği ya digər bankın kassası vasitəsilə, ya da müştərinin bank kartına köçürülməklə verilir. Son illərdə bank olmayan kredit təşkilatlarının, eləcə də mikrokredit təşkilatlarının inkişafı əsasən onunla bağlıdır ki, banklardan kredit ala bilməyən şəxslər bu qurumlara üz tuturlar. Banklarda borc yükü ilə gəlir arasındakı nisbətə ciddi nəzarət edilir və aylıq kredit ödənişlərinin əməkhaqqının təxminən 45 faizini keçməməsi tələb olunur. Bu səbəbdən həmin tələblərə cavab verməyən şəxslər banklardan kredit ala bilmədikdə, müxtəlif təminatlar, xüsusilə qızıl-zinət əşyaları, ev əşyaları və ya biznes avadanlıqları girov qoymaqla kredit təşkilatlarından vəsait əldə edirlər. Bu baxımdan lombardları da misal göstərmək olar. Şəxs bankdan kredit ala bilmədikdə qızıl-zinət əşyasını girov qoyaraq ya lombarddan, ya da bank olmayan kredit təşkilatının lombard məhsulu çərçivəsində kredit götürə bilir. Lakin vətəndaşlar kredit təşkilatlarına müraciət edərkən kreditin şərtləri ilə mütləq diqqətlə tanış olmalıdırlar. Çünki bu təşkilatlar vəsaiti əsasən üçüncü və dördüncü mənbələrdən, o cümlədən kommersiya banklarından cəlb etdikləri üçün onların vəsaitinin maya dəyəri daha yüksək olur. Nəticədə verilən kreditlərin faiz dərəcələri də banklarla müqayisədə yüksək olur. Məsələn, banklar kreditləri təxminən 15-20 faiz aralığında təqdim etdikləri halda, BOKT-larda bu göstərici 25-30 faiz, bəzi hallarda isə 33-34 faizə qədər yüksələ bilir. Bu da kredit təşkilatlarının əsas mənfi cəhətlərindən biridir. Faiz dərəcələrinin yüksək olması bəzi hallarda kredit ödənişlərində gecikmələrə və müştərilər üçün əlavə maliyyə çətinliklərinə səbəb olur”.

Ekspert qeyd edib ki, üstün cəhətləri isə, BOKT-lar daha çevik və operativ fəaliyyət göstərirlər:

“Banklardan imtina alan şəxslər müraciət etdikdə qısa müddətdə cavab alırlar. Girovun, xüsusilə qızıl-zinət əşyalarının qiymətləndirilməsi əksər hallarda elə həmin gün həyata keçirilir. Bəzi təşkilatlarda filial daxilində fəaliyyət göstərən qiymətləndiricilər və ya zərgərlər qızılın dəyərini müəyyən edir, qiymətləndirmə aktını tərtib edir və kreditin həmin gün rəsmiləşdirilməsini təmin edirlər. Yəni şəxs bankdan kredit ala bilmədiyi halda bank olmayan kredit təşkilatına müraciət etməklə əksər hallarda həmin gün və ya növbəti gün kredit vəsaitini əldə edə bilir. Bununla yanaşı, komissiya xərcləri də banklarla müqayisədə daha yüksək olur. Bunun səbəbi həm BOKT-un, həm də krediti müştəriyə çatdıran bankın komissiyasının hesablanmasıdır. Əgər banklarda nağdlaşdırma komissiyası adətən 0,1-1 faiz arasında dəyişirsə, BOKT-larda bu göstərici əksər hallarda 1 faizdən yuxarı olur. Yəni bu təşkilatların əsas üstünlükləri operativlik və əlçatanlıq, əsas mənfi cəhətləri isə yüksək faiz və komissiya xərcləridir. Tənzimləmə baxımından isə bütün bank olmayan kredit təşkilatları banklar kimi Azərbaycan Mərkəzi Bankı tərəfindən nəzarətdə saxlanılır. Qanunvericiliyin tələbləri, eləcə də Mərkəzi Bankın müəyyən etdiyi prudensial və normativ tələblər BOKT-lara da şamil edilir. Bildiyim qədər, yaxın dövrdə lombardların da lisenziyalaşdırılması və fəaliyyətinə nəzarət funksiyasının Mərkəzi Banka verilməsi nəzərdə tutulur. Hazırda isə bu sahə Maliyyə Nazirliyi tərəfindən tənzimlənir. Ümumilikdə, BOKT-lar da banklar kimi qüvvədə olan qanunvericiliyə və normativ aktlara uyğun fəaliyyət göstərirlər. Kredit şərtlərinə nəzər saldıqda isə, banklarda olduğu kimi hər bir BOKT-un da öz kredit siyasəti, satış hədəfləri, risk siyasəti və riskə yanaşma prinsipləri mövcuddur. Kreditlərin şərtləri daxili tənzimləmə mexanizmləri, bazar araşdırmaları və mövcud bazar şəraiti nəzərə alınmaqla müəyyən edilir. Buna görə də müxtəlif kredit təşkilatlarında şərtlər bir-birindən fərqlənə bilər”.

Fidan Hacızadə

D
demokrat.az