Salsa dünyada milyonlarla insanın məşğul olduğu ən populyar rəqs növlərindən biridir. Karib, ispan və Afrika musiqi ənənələrinin ritmlərini birləşdirən bu rəqs ürək-damar sağlamlığının yaxşılaşması, əzələ tonusunun artması və düzgün qamətin formalaşması kimi çoxsaylı fiziki və koqnitiv faydalar təqdim edir.
Demokrat.az xəbər verir ki, bu barədə “The Guardian” Oksford Universiteti və “Oxford Health NHS Foundation Trust”un randomizə edilmiş tədqiqatının nəticələrinə istinadən yazır.
Tədqiqatda yüngül və orta dərəcəli depressiya, həmçinin narahatlıq pozuntusu olan 121 gənc iştirak edib. Onlar təsadüfi qaydada salsa dərslərində iştirak edən qrup və nəzarət qrupuna bölünüblər.
18–24 yaş arasında olan hər iki qrupun iştirakçıları səkkiz həftəlik proqramdan əvvəl, proqram müddətində və proqram başa çatdıqdan sonra psixi sağlamlıqları ilə bağlı anketləri doldurublar.
Araşdırmanın nəticələrinə görə, salsa dərslərində iştirak edən şəxslərdə depressiya əlamətləri və sosial narahatlıq səviyyəsi nəzarət qrupu ilə müqayisədə daha çox azalıb. Eyni zamanda, onların gündəlik xoşbəxtlik hissində də daha böyük artım qeydə alınıb.
Tədqiqatın aparıcı müəllifi Brennan Delattr bildirib: "Salsa fiziki aktivliyi, sosial ünsiyyəti, musiqini, strukturlaşdırılmış məşğələləri və oyun elementlərini bir araya gətirir. İnsanlar başqaları ilə qarşılıqlı əlaqədə olurlar, lakin bu, aydın qaydalar çərçivəsində baş verir: addımlar, kombinasiyalar, tərəfdaşların dəyişdirilməsi və məşğələlərin əvvəlcədən məlum olan ardıcıllığı. Bəzi insanlar üçün bu, sərbəst sosial mühitlə müqayisədə ünsiyyəti daha rahat edir".
Onun sözlərinə görə, hazırkı nəticələr salsanı klinik diaqnoz qoyulmuş depressiyanın müstəqil müalicə üsulu kimi tövsiyə etmək üçün kifayət etmir.
Delattr əlavə edib: "Ailə həkimləri və sosial dəstək xidmətləri sosial rəqs dərslərini insanların ümumi rifahını yaxşılaşdırmaq və ya mövcud müalicəyə əlavə dəstək vasitəsi kimi nəzərdən keçirə bilərlər. Bu, xüsusilə belə fəaliyyətləri sevən gənclər üçün faydalı ola bilər".
Tədqiqatçı vurğulayıb ki, daha qəti tövsiyələr vermək üçün aktiv müqayisə qrupları ilə əlavə klinik sınaqların aparılması vacibdir.
London İmperial Kollecinin Milli Ürək və Ağciyər İnstitutunun klinik müəllimi Kir Filip isə bildirib: "Son 50 ildə dünya köklü şəkildə dəyişib. Yarım əsr əvvəl sosial rəqslər 'müdaxilə üsulu' hesab edilməzdi, bu, sadəcə adi şənbə axşamı əyləncəsi idi. Ola bilsin ki, bu tədqiqat bizim heç fərqində olmadığımız rəqs çatışmazlığını üzə çıxarır. Araşdırma salsanın depressiyanın müalicəsi olduğunu iddia etmir. Sadəcə göstərir ki, bu rəqs mövcud müalicə üsullarını tamamlayan faydalı vasitələrdən biri ola bilər".


