Sosial media fenomeni Dilan Polat sosial şəbəkə hesabları bağlandıqdan sonra izləyiciləri ilə əlaqəni həyat yoldaşı Engin Polatın hesabı vasitəsilə davam etdirməyə başlayıb.
Demokrat.az xəbər verir ki, bir müddətdir şəxsi hesabında paylaşım edə bilməyən Dilan Polat Engin Polatın sosial media hesabında yayımlanan videoda izləyicilərinə müraciət edib.
Xatırladaq ki, Polat ailəsinin yaxın qohumu və uzun illər mühafizəçisi olmuş Can Polat iyunun 3-də İzmirin Alaçatı qəsəbəsində silahlı hücum nəticəsində həyatını itirmişdi. Hadisədən sonra Dilan Polatın sosial şəbəkədə paylaşdığı görüntülər geniş müzakirələrə səbəb olmuşdu.
Daha sonra Ankara Sülh Cəza Məhkəməsinin qərarı ilə Dilan Polatın “Instagram” hesabına "ailə dəyərlərinə zidd məzmun" və "ədəbsiz yayımların yayılmasına vasitəçilik etmək" ittihamları əsasında giriş məhdudiyyəti tətbiq olunmuş və hesab bağlanmışdı.
6 milyondan çox izləyicisi olan hesabın bağlanmasından sonra Dilan Polat uzun müddət sosial mediada aktiv olmayıb.
Son paylaşımında o bildirib ki, fəaliyyətini və reklam müqavilələrini davam etdirmək məcburiyyətindədir. "Bir şəkildə davam etdirilməsi lazım olan işlər var", deyə Dilan Polat videoda bildirib.
Engin Polat isə həyat yoldaşının sözlərini dəstəkləyərək bildirib: "Həyatdan qopmamalı və işimizi davam etdirməliyik".
Cütlük bundan sonra əvvəlki qədər tez-tez paylaşım etməyəcəklərini, lakin iş fəaliyyətlərini davam etdirmək üçün sosial mediada müəyyən səviyyədə aktiv qalacaqlarını qeyd edib.
Onların Engin Polatın hesabında yayımladıqları video qısa müddətdə sosial şəbəkələrdə və maqazin gündəmində geniş müzakirələrə səbəb olub.


