Sosial Özəl

Maaşı gecikənlərə hər gün üçün pul ödənəcək — Açıqlama

Maaşı gecikənlərə hər gün üçün pul ödənəcək — Açıqlama

Bəzi hallarda işçilər əməkhaqlarının gecikdirilməsi problemi ilə qarşılaşırlar. Mütəxəssislər bildirirlər ki, əməkhaqqının vaxtında ödənilməsi işəgötürənin əsas öhdəliklərindən biridir və qanunvericilik bu məsələ ilə bağlı konkret tələblər müəyyən edir. Maaşın gecikdirilməsi müəyyən hallarda işçiyə əlavə ödəniş tələb etmək hüququ da yarada bilər.

Bu barədə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, əməkhaqqı əmək müqaviləsində göstərilən vaxtlarda ödənilməlidir:

“Son dəyişikliklərə əsasən, əmək haqqı bir qayda olaraq ayda bir dəfə ödənilir. Lakin işəgötürənlə işçi arasında qarşılıqlı razılaşma olduqda, ödəniş ayda iki dəfə avans və aylıq formada da həyata keçirilə bilər. Bununla belə, xüsusilə dövlət sektorunda bu mexanizmin tətbiqində müəyyən çətinliklər mövcuddur. Əsas tələb odur ki, əməkhaqqı əmək müqaviləsində nəzərdə tutulan vaxtda ödənilsin. Əgər gecikmə işəgötürənin təqsiri ucbatından baş verirsə, bu zaman məsuliyyət yaranır. Yəni əməkhaqqının ödənilməsində gecikmə olduqda, mübahisənin yaranıb-yaranmamasından asılı olmayaraq, hər gecikdirilmiş gün üçün azı 1 faiz məbləğində kompensasiya hesablanmalıdır. Bu norma qanunvericilikdə əks olunub və məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin də qərarı mövcuddur”.

O qeyd edib ki, praktikada bu qayda çox nadir hallarda tətbiq edilir:

“Xüsusilə əmək müqaviləsinə xitam veriləndən sonra işçi məhkəməyə müraciət etdikdə və son haqq-hesabın, eləcə də əməkhaqqının gecikdirildiyini bildirdikdə, kompensasiya tələbi irəli sürülür. İşçi işlədiyi müddətdə əməkhaqqı gecikdirildikdə isə, adətən, narazılıq bildirilsə də, məsələ mübahisə səviyyəsinə çatdırılmır. Amma gecikmə bir neçə ay davam etdikdə, bu artıq ictimai narazılığa səbəb olur və bəzən kütləvi informasiya vasitələrində də işıqlandırılır. Əməkhaqqı gecikdirilməməli, işəgötürən ödənişi vaxtında həyata keçirməlidir. Əgər gecikmə işəgötürənin iradəsindən kənar səbəblərlə məsələn, bank problemi və ya fors-major hallarla bağlı baş veribsə, bu zaman onun məsuliyyəti istisna olunur”.

Leyla Turan

D
demokrat.az