Böyük Britaniyada avtomobil idarə edərkən "ağıllı saat"dan istifadə bəzi hallarda sürücülərin cərimələnməsinə səbəb ola bilər.
Demokrat.az xəbət verir ki, bu barədə "Mirror" nəşri yazıb.
Böyük Britaniya Kral Avtomobil Klubunun ("RAC") araşdırmasına görə, ölkədə yollarda hərəkət edən sürücülərin 40 faizi "ağıllı saat" taxır. Klubun məlumatına əsasən, saat biləyə taxılmış olsa belə, qanunvericilik baxımından ondan istifadə avtomobildə saxlanılan naviqasiya cihazı və ya mobil telefondan istifadə ilə bağlı qaydalar çərçivəsində qiymətləndirilə bilər.
"RAC"ın nümayəndəsi bildirib ki, "ağıllı saat"a qısa müddət baxmaq avtomatik olaraq qanun pozuntusu hesab edilmir. Lakin ona uzun müddət diqqət yetirmək, səsli əmrlərdən istifadə etmək və ya ekrana toxunmaq sürücünün diqqətinin yoldan yayınmasına səbəb ola bilər.
Nəşr qeyd edir ki, polis sürücünün hərəkət zamanı "ağıllı saat"dan portativ elektron cihaz kimi istifadə etdiyini müəyyən edərsə, bu, mobil telefondan istifadəyə görə nəzərdə tutulan cəzanın tətbiqi ilə nəticələnə bilər.
Belə halda sürücüyə altı cərimə balı və 200 funt sterlinq (təxminən 450 manat) məbləğində cərimə tətbiq oluna bilər.
Məqalədə vurğulanır ki, polis sürücünün saatdan istifadə etdiyini sübut edə bilməsə, daha yüngül inzibati məsuliyyət tətbiq oluna bilər. Lakin "ağıllı saat"dan istifadə yol-nəqliyyat hadisəsinə səbəb olarsa, sürücü ehtiyatsız və ya təhlükəli idarəetmə ilə bağlı daha ağır məsuliyyətə cəlb edilə bilər.
"RAC" sürücülərə avtomobil idarə edərkən "ağıllı saat"da "Narahat etməyin" ("Do Not Disturb") rejimini aktivləşdirməyi tövsiyə edib. Klub hesab edir ki, bu, həm cərimə riskini azaldır, həm də sürücünün diqqətinin yoldan yayınmasının qarşısını almağa kömək edir.
Təşkilatın nümayəndələri əlavə ediblər ki, "ağıllı saat"larla bağlı vəziyyət texnologiyanın qanunvericiliyi qabaqlamasının növbəti nümunəsidir və qanunvericilər bu cihazlardan avtomobil idarə edilərkən istifadənin hansı hallarda qayda pozuntusu sayıldığını daha dəqiq müəyyənləşdirməlidirlər.


