Türkiyənin tanınmış müğənnisi və aparıcısı Seda Sayan sosial şəbəkədə yazdığı şərhlə yenidən gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, sənətçinin hicablı çimərlik geyimi (burkini) ilə dənizə girən gənc qıza verdiyi dəstək sosial media istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.
Son vaxtlar sosial şəbəkələrdə hicablı çimərlik geyimində dənizə və ya hovuza girən qadınlarla bağlı paylaşılan təhqiredici videolar və səsləndirilən tənqidlər geniş müzakirələrə səbəb olub. İnancına uyğun geyinərək istirahət etmək istəyən qadınların çimərliklərdə sözlü təzyiqlə üzləşməsi ictimai narazılıq doğurub.

Bu müzakirələr fonunda bir sosial şəbəkə istifadəçisi paylaşım edərək, "Kimininsə dənizə hicablı geyimdə girməyimə söz atmasını gözləyirəm", - sözləri ilə narazılığını ifadə edib.
Seda Sayan isə həmin paylaşıma biganə qalmayıb. O, gənc qıza dəstəyini ifadə edərək, "Söz deyən olsa, məni çağır!" şərhini yazıb.

Məşhur sənətçinin bu qısa cavabı qısa müddətdə minlərlə bəyənmə və paylaşım toplayıb. İstifadəçilər Seda Sayanın mövqeyini şəxsi seçimlərə və dini inanclara hörmətin ifadəsi kimi qiymətləndirərək ona çoxsaylı dəstək mesajları ünvanlayıblar.
Qeyd edək ki, əsl adı Aysel Gürsaçer olan Seda Sayan 1980-ci illərdən musiqi fəaliyyətini davam etdirir. Karyerasına toy məclislərində başlayan sənətçi sonradan Türkiyənin tanınmış müğənnilərindən birinə çevrilib. O, musiqi ilə yanaşı, filmlərdə rol alıb, uzun illər televiziya proqramlarının aparıcısı kimi fəaliyyət göstərib. Seda Sayan bir dövr "Türkiyənin ən etibarlı qadını" adına layiq görülüb və bu gün də həm sənəti, həm də cəsarətli açıqlamaları ilə diqqət mərkəzində qalır.


