Sağlamlıq Özəl

Onkoloq gənclərdə xərçəng riskini artıran əsas amilləri açıqladı

Onkoloq gənclərdə xərçəng riskini artıran əsas amilləri açıqladı

Azərbaycanlı gənc model Xədicə Rəhimovanın 20 yaşında xərçəng xəstəliyindən vəfat etməsi kədər doğurub. Son altı ildə amansız xəstəliklə mübarizə aparan modelin ölümü bu bəlanın gəncləşməsi mövzusunu yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında dosent, tibb üzrə fəlsəfə doktoru, onkoloq Fərid Musayev bildirib ki, xərçəng xəstəliyi son dövrlər çox sürətlə artır və gəncləşir. Bu, həm Azərbaycanda, həm də bütün dünyada müşahidə olunur. Xəstəliyin artmasına təsir edən bir sıra amillər var:

"Amerika və Avropa alimlərinin apardığı araşdırmalar göstərir ki, xərçəngin yaranmasının əsas səbəblərindən 50–60 faizi qidalanma faktoru ilə bağlıdır. Buraya ultra emal olunmuş ət və ət məhsulları, fast-food qidaları (dönər, hamburqer, sosis məhsulları və s.) aiddir.

Müasir həyat tərzinin gətirdiyi bir sıra dəyişikliklər və həyat şəraiti xəstəliyin artmasına təsir göstərir. Gənclər arasında son zamanlar tütün məhsulları və elektron siqaretlərdən istifadə, alkoqoldan sui-istifadə geniş yayılıb. Bu amillər onkoloji xəstəliklərin əsas yaranma səbəblərindən biridir və xüsusən də gənclər arasında sürətlə artır”.

Onun sözlərinə görə, digər mühüm amillərdən biri də stressdir.

“Son zamanlar həm dünyada, həm də ölkəmizdə piylənmə və artıq çəkili insanların sayı artır. Araşdırmalar göstərir ki, Azərbaycan əhalisinin 10 faizi artıq çəkidən əziyyət çəkir. Bu da onkoloji xəstəliklərin yaranmasının əsas səbəblərindən biridir. Aparılmış araşdırmaların nəticələrinə əsasən, irsi faktor da son zamanlar gənclər arasında xəstəliyin yaranmasının əsas səbəblərindən biri kimi çıxış edir. Xərçəngin yaranmasında infeksion və mexaniki amillərin də rolu böyükdür.

Hepatit B və Hepatit C virusları qaraciyər xərçənginin əsas yaranma səbəblərindəndir. Helicobacter pylori infeksiyası daha çox mədə xərçənginin əmələ gəlməsinə səbəb olur. Bədəndəki müxtəlif travmalar, ekologiya və radiasiya da burada mühüm rol oynayır. Ətraf mühitin çirklənməsi və radiasiya fonunun yüksək olması da onkoloji xəstəliklərin yaranmasına gətirib çıxaran əsas amillərdəndir”.

Bütün bu sadalanan faktorlar onkoloji xəstəliklərin sürətlə artmasına və gəncləşməsinə gətirib çıxarır”, – deyə onkoloq fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az