Bakının Binəqədi rayonunda restoranlardan birinin qarşısında dava olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Xocasən qəsəbəsində yerləşən “Gecə gözlüm” adlanan restoranda baş verib.
Ağsu rayon sakini, 1994-cü il təvəllüdlü Elşən İsmayılov restorandan çıxarkən əvvəllər tanımadığı və həmin restoranda müştəri qismində olmuş Sadiq Nəcati oğlunun ona bir neçə dəqiqə əvvəl restoranda olarkən çiyin atmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan onunla münaqişə yaradıb.
Elşən üzərində olan silah qismində istifadə etdiyi istintaqa məlum olmayan alət ilə Sadiqin təpə nahiyəsinə bir dəfə zərbə vurub.
Elşənin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə anlaşılmazlığa görə baş verib:
“Mənim zərərçəkmiş şəxslə heç bir tanışlığım və ədavətim olmayıb. Hadisə vaxtı zərərçəkmiş şəxs çiyni ilə mənə toxundu, üzr istədi. Bununla bağlı aramızda anlaşılmazlıq oldu. Mən psixiatriya xəstəxanasında müalicə olmuşam. Hadisə günü dərmanlarımı qəbul etməmişdim. Əsəbiləşdiyim üçün yerdən dəmir şifer götürdüm və zərərçəkmiş şəxsi vurdum. Sonra həmin yerdən getdim”.
Elşən ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, məlum hadisə günü, gecə saat 02:10-da “Gecə gözlüm” adlanan restorana gedib:
“Restorana daxil oldum və orada olan kabinetlərdən birinə keçmək istəyərkən həmin vaxt restoranın həyətində olan əvvəlcədən tanımadığım, lakin sonradan adını bildiyim Sadiq mənə çiyin atdı və həmin şəxsin özü də içkili vəziyyətdə olub. Həmin vaxt əsəbiləşsəm də, Sadiqə hər hansı reaksiya vermədim. Kabinetlərdən birinə oturaraq dostlarımın gəlməsini gözlədim. Bir müddət gözlədikdən sonra dostlarımın gəlməyəcəyini bildim. Gecə saat 02:40-da restorandan getmək qərarına gəldim. Restoranın həyətinə çıxdıqda Sadiqlə yenidən üz-üzə gəldim. Sadiq heç bir səbəb olmadan məni geriyə itələdi. Mən isə Sadiqi restoranın qarşısına çıxararaq avtomobilinə yerləşdirərək yola salmağa çalışdım. Lakin Sadiq avtomobildən düşərək yenidən səs-küy saldı. Mənə və digər insanlara qarşı nalayiq ifadələr istifadə etdi. Bu səbəbdən də əsəbiləşərək üzərimdə olan və belimdə gizlətdiyim dəmir parçası ilə Sadiqin baş nahiyəsinə 1 dəfə zərbə vurdum. Bundan sonra Sadiqin baş nahiyəsindən çoxlu miqdarda qan gəlməyə başladı. Mən isə dərhal uzaqlaşaraq oranı tərk etdim”.
Zərərçəkmiş Sadiqin sözlərinə görə, hadisə günü, gecə saat 2 radələrində tanışları olan Laçın, Rafiq və Laçının oğlu Hidayət ilə “Gecə gözlüm” adlanan restorana gediblər:
“Biz restoranın zalında bir masada oturduq, pivə sifariş verdik. Sifarişlərimiz gələnədək mən və dostum Rafiq əyləşdiyimiz masadan qalxdıq və restoranın zalında ifa olunan musiqinin sədaları altında rəqs etməyə başladıq. Bir az sonra zalda olan yan masaların birindən bir nəfər müştəri başqa bir mahnı sifariş verərək heç kimin musiqi altında rəqs etməməyini bildirdi. Mən və dostlarım da bunu özümüzə hörmətsizlik kimi qəbul etdik. Buna görə də həmin restorandan getmək qərarına gəldik. Restorandan çölə çıxdıqda bizimlə birlikdə restoran sahibi olan Elmir adlı şəxs də çölə çıxdı. Restoranın qarşısında olan zaman Elmirə edilən hörmətsizliklə bağlı iradımı bildirdim. Elmir etdiyim iradları qəbul edərək bizimlə sağollaşdı”.
Zərərçəkmiş şəxs qeyd edib ki, təqribən bir neçə dəqiqədən sonra restoranın zalında unutduğu əşyalarını götürmək üçün əyləşdikləri masaya qayıdıb:
“Əşyalarımı götürərək yenidən restoranın qarşısına çıxan zaman əvvəldən tanımadığım, lakin sonradan adını bildiyim Elşən adlı şəxs yolumu kəsdi, mənimlə söhbəti olduğunu bildirdi. Elşən bir az əvvəl mənim birinci dəfə restoranı tərk edən zaman çiyin atdığımı dedi. Həmin zaman əsəbi olduğumu, çiynimin ona toxunub-toxunmamağının fərqində olmadığımı, çiyin atmaq niyyətimin olmadığını bildirdim. Hər bir halda ondan üzr istədim. Lakin Elşən içkili vəziyyətdə olduğundan dediklərimi düzgün başa düşmədi və məsələni mübahisəyə doğru uzadaraq ünvanıma nalayiq ifadələr istifadə etməyə, əl-qol hərəkətləri edərək məni qıcıqlandırmağa başladı. Bu zaman mən və dostlarım Elşəndən düzgün danışmasını, nalayiq ifadələr istifadə etməməsini tələb etdik. Lakin Elşən səsini daha da yüksəldərək nalayiq ifadələr səsləndirməyə davam etdi. Bundan sonra əlini belinə ataraq dəmir parçasını çıxardı və məni hədələdi. Həmin vaxt geri çəkilmək istədim. Elşən baş nahiyəmə dəmir parçası ilə 1 dəfə zərbə vurdu. Zərbənin təsirindən özümü itirərək yerə yıxıldım. Həmin vaxt baş nahiyəmdən çoxlu miqdarda qan gəlməyə başladı. Bu zaman restoranın qarşısında olan və bunu görən dostlarım mənə kömək etmək istədilər. Elşən adlı şəxs baş nahiyəmə xəsarət yetirəndən sonra dərhal qaçaraq gözdən itdi. Həmin vaxt restoranın qabağında qarışıqlıq düşdü. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları gələrək müdaxilə etdilər. Lakin Elşən artıq çoxdan oradan getmişdi”.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Elşən 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


