Maraqlı Özəl

Banandan daha çox lif olan meyvə: Niyə qabıqlı yemək tövsiyə olunur?

Banandan daha çox lif olan meyvə: Niyə qabıqlı yemək tövsiyə olunur?

Banan dünyanın ən populyar meyvələrindən biri hesab olunur. O, orqanizmi enerji ilə təmin edir və ürək sağlamlığı üçün vacib olan kaliumla zəngindir. Lakin mütəxəssislər bildirirlər ki, armud bəzi xüsusiyyətlərinə görə bananı üstələyə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "Planeta.pl" nəşri yazıb.

Məqalədə qeyd olunur ki, armud aşağı kalorili olmaqla yanaşı, yüksək miqdarda qida lifi, vitamin və minerallarla zəngindir. Onun ürək sağlamlığını dəstəklədiyi, immun sistemini gücləndirdiyi, diqqəti artırdığı və "pis" xolesterinin səviyyəsinin azalmasına kömək etdiyi bildirilir.

Nəşrin məlumatına görə, armudun əsas üstünlüklərindən biri yüksək lif tərkibidir. Orta ölçülü bir armud təxminən 5–6 qram qida lifi ehtiva edir. Bu isə bağırsaqların fəaliyyətini dəstəkləyir və sağlam bağırsaq mikroflorasının qorunmasına kömək edir.

Meyvə həmçinin yüksək kalium tərkibi sayəsində normal arterial təzyiqin saxlanmasına dəstək verir. Mütəxəssislərin fikrincə, armudun müntəzəm istehlakı "pis" xolesterinin səviyyəsinin azalmasına da müsbət təsir göstərə bilər.

Armudun tərkibindəki C vitamini və antioksidantlar immun sisteminin fəaliyyətini dəstəkləyir, hüceyrələri zədələnmədən qorumağa kömək edir.

Bundan əlavə, armud nisbətən aşağı qlisemik indeksə malikdir. Tərkibindəki yüksək lif miqdarı şəkərin qana daha yavaş sorulmasına şərait yaradır ki, bu da qanda şəkər səviyyəsinin daha sabit qalmasına kömək edə bilər.

Armudun aşağı kalorili və yüksək su tərkibli olması, eyni zamanda toxluq hissini uzun müddət saxlaması onu çəkiyə nəzarət edən insanlar üçün də əlverişli seçimə çevirir.

Mütəxəssislər bildirirlər ki, armudun tərkibindəki C vitamini və antioksidantlar dəri sağlamlığı üçün də faydalıdır. Maksimum fayda əldə etmək üçün meyvəni qabığı ilə birlikdə yemək tövsiyə olunur.

Armud həmçinin C, K və B qrupu vitaminləri, eləcə də yod və kalium kimi mineralların mənbəyi hesab edilir.

Məqalədə qeyd olunur ki, armudun banandan əsas üstünlüyü daha çox qida lifi ehtiva etməsidir. Bu xüsusiyyət həzmi yaxşılaşdırır, toxluq hissini uzadır və bağırsaq sağlamlığını dəstəkləyir.

Bundan başqa, armudun qlisemik indeksi banandan aşağıdır. Bu isə onun qəbulundan sonra qanda şəkərin daha yavaş yüksəlməsi deməkdir.

Armudun digər üstünlüyü isə daha az kalorili olmasıdır. Belə ki, 100 qram armudda eyni miqdarda bananla müqayisədə daha az kalori mövcuddur.

Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, həssas həzm sisteminə malik insanlarda armud köp, qaz və ishala səbəb ola bilər. Bu, meyvənin tərkibində olan fruktoza və sorbitol kimi fermentləşən şəkərlərlə əlaqələndirilir.

Şəkərli diabetdən əziyyət çəkən şəxslərə, xüsusilə çox yetişmiş armudların qəbulunu nəzarətdə saxlamaq tövsiyə olunur. Meyvəyə qarşı allergiyası olan insanlar da ehtiyatlı olmalıdırlar.

Jalə Demokrat.az

D
demokrat.az