Pomidorun soyuducuda, yoxsa otaq temperaturunda saxlanılmasının daha düzgün olduğu ilə bağlı mübahisələr uzun illərdir davam edir.
Demokrat.az xəbər verir ki, "Simply Recipes" nəşrinin yazdığına görə, mütəxəssislər bu məsələyə aydınlıq gətiriblər.
Ərzaq mağazasının sahibi Coş Alsberq pomidorun soyuducuda saxlanılmasını tövsiyə etmir. Onun sözlərinə görə, aşağı temperatur pomidorun hüceyrə quruluşunu zədələyir və hüceyrə divarlarını dağıdır. Nəticədə meyvə dadını itirir, toxuması isə yumşaq və un kimi ovulan hala gəlir.
Aşpaz Mark Vinson da bildirir ki, soyuq yalnız pomidorun toxumasına deyil, həm də dadına mənfi təsir göstərir. Onun sözlərinə görə, pomidorun zəngin dadı əsasən aromatik birləşmələrdən asılıdır və aşağı temperatur bu maddələrin təsirini zəiflədir.
"Otaq temperaturunda yetişmiş pomidor ideal görünsə də, soyuducuda saxlanıldıqdan sonra onun dadı daha zəif və sönük ola bilər", deyə o bildirib.
Bundan əlavə, bütöv pomidorun 10°C-dən aşağı temperaturda saxlanılması hüceyrə membranlarını zədələyə və yetişmə prosesini dayandıra bilər. Bu isə pomidorun elastik və şirəli quruluşunu itirməsinə, dənəli, yumşaq və sulu hala gəlməsinə səbəb olur.
Bununla belə, bəzi hallarda soyuducudan istifadə məqsədəuyğun hesab edilir. Əgər pomidor çoxdursa, tam yetişibsə və ya mətbəxdə temperatur yüksəkdirsə, soyuducu onun saxlanma müddətini uzatmağa kömək edə bilər. Ekspertlərin fikrincə, yetişmiş pomidorun qısa müddət soyuducuda saxlanılması ciddi problem yaratmır.
Mütəxəssislər pomidoru yeməzdən əvvəl onu soyuducudan çıxarıb otaq temperaturuna qədər isinməsini gözləməyi tövsiyə edirlər. Bu, onun dad və ətrinin daha yaxşı hiss olunmasına kömək edir.
Doğranmış pomidor isə mütləq soyuducuda saxlanılmalıdır. Bu, bakteriyaların çoxalmasını ləngidir və məhsulun daha təhlükəsiz qalmasına kömək edir.
Jalə Demokrat.az


