Sosial Özəl

Onlayn satılan bu cihazları almaq sizə baha başa gələ bilər — Açıqlama

Onlayn satılan bu cihazları almaq sizə baha başa gələ bilər — Açıqlama

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, eləcə də müxtəlif sertifikasiya və dövlət imtahanları ərəfəsində sosial şəbəkələrdə gizli rabitə vasitələri, xüsusilə mikro qulaqlıqların satışı ilə bağlı elanların sayı artır. Bəzi satıcılar bu cihazları "imtahan üçün ideal seçim" kimi təqdim edir və tələbələri onlardan istifadə etməyə həvəsləndirirlər. Bu cür paylaşımlar imtahanların şəffaflığı və akademik dürüstlük prinsipləri ilə bağlı ciddi suallar doğurur. Bəs imtahan zamanı mikro qulaqlıq və digər gizli rabitə vasitələrindən istifadə qanunvericiliyə uyğundurmu?

Bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, mikro qulaqlıqlar, gizli kameralar və oxşar cihazlar hüquqi baxımdan adi məişət elektronikası deyil, bunlar “gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr” kateqoriyasına düşür:

““Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna əsasən belə texniki vasitələrin əməliyyat-axtarış fəaliyyətinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən işlənilməsi, istehsalı, satışı, alınması, ölkəyə gətirilməsi və çıxarılması yalnız xüsusi icazə (lisenziya) əsasında mümkündür və bu lisenziyanın verilməsi səlahiyyəti Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub. Yəni sosial şəbəkədə “imtahan üçün ideal seçim” adı ilə satılan bu cihazların dövriyyəsi, bir qayda olaraq, əvvəlcədən qanunsuzdur. Belə vasitələri lisenziyasız hazırlayan, satan və ya əldə edən şəxslər Cinayət Məcəlləsinin 302.2-ci maddəsi (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz hazırlama, satma və ya əldə etmə) üzrə cinayət məsuliyyətinə cəlb oluna bilərlər, sanksiya azadlıqdan məhrumetməyədək cəzaları əhatə edir”.

O qeyd edib ki, cihazın imtahan məqsədilə istifadəsini təşkil edən, quraşdıran və pul müqabilində “cavab ötürən” şəxslərin əməli isə praktikada daha ağır tövsif alır:

“İmtahan iştirakçısı üçün ilk və qaçılmaz nəticə inzibati-təşkilati xarakterlidir. DİM-in imtahan qaydalarına əsasən gizli rabitə vasitəsi aşkarlandıqda şəxs imtahandan dərhal kənarlaşdırılır, nəticələri etibarsız sayılır və sonrakı imtahanlarda iştirak hüququ məhdudlaşdırıla bilər. Bundan əlavə, cihazı “əldə etmə” faktının özü CM 302.2-nin əhatəsinə düşdüyündən, istifadəçi də cinayət təqibi riski daşıyır. Qanunvericilik bu məsələdə birmənalıdır, “imtahan üçün mikro qulaqlıq” satışı sadəcə akademik dürüstlük problemi yox, lisenziyasız dövriyyəsi cinayət tərkibi yaradan xüsusi texniki vasitənin qanunsuz ticarətidir və bu elanları yerləşdirənlər, alanlar və istifadəni təşkil edənlər üçün real cinayət məsuliyyəti riski mövcuddur”.

Leyla Turan

D
demokrat.az