Pişiklərin bir-birini yalaması ilə bağlı maraqlı nəticələr əldə edilib. Uzun müddət bu davranış heyvanların bir-birinə bağlılığını və sevgisini göstərən hərəkət kimi qəbul edilsə də, yeni araşdırma bunun hər zaman belə olmadığını ortaya çıxarıb.
Gent Universiteti və Linkoln Universitetinin alimlərinin apardığı tədqiqat göstərib ki, pişiklərin qarşılıqlı yalama davranışı yalnız mehribanlıq və dostluq ifadəsi deyil, bəzi hallarda gərginlik və ya münaqişə siqnalı da ola bilər.
Araşdırma çərçivəsində iki pişiyin yaşadığı 53 ev müşahidə edilib. Nəticələrə əsasən, pişiklərin bir-birinin tüklərini təmizləməsi müxtəlif sosial funksiyalar daşıyır. Bu davranış bəzən pişiklər arasındakı əlaqəni gücləndirə, gigiyenaya kömək edə və digər pişiyin rahatlamasına səbəb ola bilər.
Mütəxəssislər bildiriblər ki, pişiyin digərinin baş və qulaq nahiyəsini yalaması, eyni zamanda hər iki heyvanın sakit və uyğun hərəkət etməsi onların yaxşı münasibətdə olduğuna işarədir.
Lakin bəzi hallarda bu davranış fərqli məna daşıya bilər. Araşdırmaya görə, pişiklər bir-birini yalayaraq oyuna başlaya, qarşıdurmadan yayınmağa çalışa və ya gizli narazılıq göstərə bilərlər.
Alimlər qeyd edirlər ki, yalınan pişik qulaqlarını geriyə yatırır, pəncəsi ilə qarşılıq verir, başını silkələyir, dişləyir və ya narahatlıq əlamətləri göstərirsə, bu, onun həmin davranışdan xoşlanmadığını göstərə bilər.
Tədqiqatçılar vurğulayıblar ki, pişiklərin bu davranışının səbəblərini daha dəqiq öyrənmək üçün əlavə araşdırmalara ehtiyac var. Nəticə olaraq, pişiklərin bir-birini yalaması hər zaman sevgi göstəricisi deyil və davranışın mənası vəziyyətdən asılı olaraq dəyişə bilər.
Leyla Demokrat.az


