Yanlış qidalanma vərdişlərinin bioloji qocalma prosesini sürətləndirə biləcəyi bildirilib. Nevroalim Dr. David Cox ultra emal olunmuş qidaların həddindən artıq istifadəsi, artıq kalori qəbulu və orqanizmin ehtiyac duyduğu qida maddələrinin kifayət qədər alınmamasının sağlamlığa mənfi təsir göstərdiyini açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, son illərdə piylənmə, diabet və metabolik xəstəliklərin artması, eləcə də gənc yaşlarda bəzi xroniki və iltihabi xəstəliklərin çoxalması sürətlənmiş qocalma ilə əlaqələndirilir.
Dr. Cox bildirib ki, düzgün qidalanma qocalma prosesini yalnız sürətləndirmir, eyni zamanda onu ləngitməyə də kömək edə bilər. O, uzun və sağlam həyat üçün təbii və emal olunmamış qidalara üstünlük verməyi, liflə zəngin qidalanmağı, kifayət qədər zülal qəbul etməyi və gündə ən azı beş porsiya meyvə-tərəvəz yeməyi tövsiyə edib.
Omeqa-3 qocalmanı ləngidə bilər
Mütəxəssis həftədə üç dəfə qızılbalıq kimi yağlı balıqların qəbul edilməsinin orqanizmi omeqa-3 yağ turşuları ilə təmin etdiyini bildirib.
Onun sözlərinə görə, aparılan araşdırmalar omeqa-3 qəbulunun DNT səviyyəsində qocalma prosesini yavaşlada biləcəyini göstərir. Bu yağ turşuları xüsusilə beyin və ürək sağlamlığı üçün də faydalı hesab olunur.
Axşam yeməyini yüngülləşdirmək tövsiyə olunur
Dr. Cox bildirib ki, günün ən böyük yeməyinin axşam saatlarına saxlanılması orqanizmin bioloji ritminə uyğun olmaya bilər. Onun fikrincə, insan orqanizmi gün ərzində, xüsusilə səhər və günorta saatlarında qidaları daha səmərəli həzm edir. Buna görə də həftənin müəyyən günlərində səhər yeməyi və ya naharın daha doyumlu, axşam yeməyinin isə daha yüngül olması məsləhət görülür.
Yaşıl yarpaqlı tərəvəzlər və minerallar vacibdir
Mütəxəssis yaşıl yarpaqlı tərəvəzlərin böyrək sağlamlığını dəstəkləyən minerallarla zəngin olduğunu qeyd edib. O, həmçinin flavonoid və polifenollarla zəngin qidaların da qidalanmada mühüm yer tutduğunu bildirib. Böyürtkən, yaşıl çay və tünd şokolad kimi qidaların tərkibində olan polifenolların orqanizm üçün faydalı maddələr olduğu vurğulanıb.
Dr. Cox sağlam qocalma üçün mineralların da vitaminlər qədər əhəmiyyətli olduğunu deyib. Xüsusilə maqnezium və sinkin insulin müqavimətinin qarşısının alınmasında mühüm rol oynadığını bildirib. Sink əsasən ət, dəniz məhsulları, süd məhsulları və tam taxıllarda, maqnezium isə ispanaq, qoz-fındıq və tam taxıllı məhsullarda olur.
Mütəxəssisin fikrincə, düzgün qidalanma vərdişləri insanın yalnız ömrünü deyil, həm də sağlam yaşadığı illərin sayını artırmağa kömək edə bilər.
Leyla Demokrat.az


