Yay aylarında havaların isti keçməsi, rütubətin azalması və kondisionerlərdən uzun müddət istifadə burun qanamalarının artmasına səbəb ola bilər. Mütəxəssislər bu halda ilk yardımın düzgün göstərilməsinin vacibliyini vurğulayırlar.
Demokrat.az xəbər verir ki, qulaq, burun və boğaz üzrə mütəxəssis Ahmet Sacit Özbay bildirib ki, burun qanaması zamanı ən çox rast gəlinən səhvlərdən biri başın geriyə əyilməsidir. Həkimin sözlərinə görə, bu zaman qan boğaza axaraq əlavə narahatlıq yarada və qanaxmanın miqdarını düzgün qiymətləndirməyi çətinləşdirə bilər.
Mütəxəssislər tövsiyə edirlər ki, burun qanaması başladıqda insan dik vəziyyətdə oturmalı, başını yüngül şəkildə önə əyməli və burunun yumşaq hissəsini iki barmaqla təxminən 15 dəqiqə fasiləsiz sıxmalıdır.
Həkimlərin sözlərinə görə, isti hava, aşağı rütubət və kondisionerli mühit burun selikli qişasını qurudur. Bu isə kapilyar damarların daha asan zədələnməsinə və qanaxmaya səbəb olur. Burun qanamalarına zərbə, burun çəpərinin əyriliyi, burnu qarışdırmaq, yüksək qan təzyiqi, qan durulaşdırıcı preparatların qəbulu və bəzi qan xəstəlikləri də səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, qanaxma 15 dəqiqə ərzində dayanmazsa, tez-tez təkrarlanarsa və ya şəxs qan durulaşdırıcı dərman qəbul edirsə, mütləq həkimə müraciət olunmalıdır. Yüksək qan təzyiqi olan şəxslərə və burunun arxa hissəsindən qaynaqlanan qanaxma hallarında da təxirəsalınmaz tibbi yardım almaq tövsiyə edilir.
Həkimlər burun qanamalarının qarşısını almaq üçün isti havalarda uzun müddət günəş altında qalmamağı, baş örtüyündən istifadə etməyi və burun selikli qişasını nəm saxlamağı məsləhət görürlər.
Leyla Demokrat.az


