Özünü tənha hiss etmək zaman-zaman hər kəsin yaşadığı duyğudur. Lakin insan davamlı olaraq heç kimə lazım olmadığını və ya heç kimin onu sevmədiyini düşünürsə, bu, əksər hallarda erkən uşaqlıq dövründə qazandığı təcrübənin nəticəsi olur.
Demokrat.az xəbər verir ki, “YourTango” nəşrinin yazdığına görə, insanın öz dəyərini hiss etməsi məhz həyatının ilk illərində formalaşır. Bu hiss sağlam münasibətlər qurmaq, stressin öhdəsindən gəlmək və başqaları ilə inamlı ünsiyyət yaratmaq bacarığına birbaşa təsir göstərir. Lakin ailədə baş verən bəzi hadisələr və ümumi mühit bu hissin formalaşmasına mane ola bilər.
Özünü dinlənilmiş və böyüklər üçün dəyərli hiss edən uşaqlar gələcəkdə motivasiya və emosional dayanıqlılıq baxımından daha uğurlu inkişaf edirlər. Əksinə, bu dəstəyin çatışmazlığı insanın ömür boyu depressiv əhval yaşamasına və emosional tənhalıq hiss etməsinə səbəb ola bilər.
Psixoloqlar bunun yaranmasına səbəb olan əsas amilləri belə sıralayırlar:
* Uşağı dinləmirlər. Öz dəyərini hiss etməyin əsas şərtlərindən biri qəbul olunmaqdır. Əgər uşağın dedikləri mütəmadi olaraq qulaqardına vurulursa, o, ehtiyaclarını ifadə etməyin mənasız olduğu qənaətinə gəlir. Bu isə yetkin yaşda öz fikrini müdafiə etməkdən çəkinmək və başqalarına yük olmaq qorxusu ilə nəticələnə bilər.
* Uşağın hissləri dəyərsizləşdirilir. Uşaq hiss etməlidir ki, onun emosiyaları əhəmiyyətlidir. Valideynlərin, müəllimlərin və digər böyüklərin diqqətli münasibəti emosional təhlükəsizlik və inam hissinin formalaşmasına kömək edir. Əks halda insan böyüdükdə öz hisslərini həddindən artıq və ya əhəmiyyətsiz hesab edə bilər.
* Özünü lazımsız hiss edir. Psixoloqlar Lindsi S. Berqqardt və Cennifer B. Uolles bildirirlər ki, uşaqların kiçik ev işlərində iştirak etməsi onlara özlərini faydalı və dəyərli hiss etməyə kömək edir. Tədqiqatçıların sözlərinə görə, bu təcrübə özünəinamı gücləndirir, onun olmaması isə gələcəkdə münasibətlərdə və ya iş həyatında lazımsızlıq hissi yarada bilər.
* Səyləri diqqətdən kənarda qalır. Valideynlərin, müəllimlərin və digər nüfuzlu şəxslərin tərifi sağlam özünəqiymətin formalaşmasının vacib hissəsidir. Uşaq göstərdiyi səylərə görə nadir hallarda qiymətləndirilirsə, onda zəhmətinin diqqətə layiq olmadığı düşüncəsi yarana bilər. Bu, həm də insanın daxili dialoquna və özünə şəfqət göstərmək bacarığına mənfi təsir edir.
* Uşağın fikri heç nəyi dəyişmir. Müəlliflərin diqqət çəkdiyi son amil uşağın öz fikrini bildirməsinin mənasız olduğu qənaətinin formalaşmasıdır. Əgər onun fikri daim nəzərə alınmır və ümumiyyətlə soruşulmursa, bu, insanın özünəqiymətinə uzunmüddətli mənfi təsir göstərir.
Jalə Demokrat.az


