“Diplomatiya dövlətlərarası münasibətlərdə körpü qurmaq hadisəsidir, dostluq yaratmaq hadisəsidir. Ona görə də, diplomatiyanın funksiyasının yerinə yetirilməsi üçün həmin diplomatiyanın arxasında dövlətin gücü olmalıdır, nüfuzu olmalıdır, dövlətin liderinin liderlik xüsusiyyətləri olmalıdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
"Biz artıq dəfələrlə çox ziddiyyətli məqamlarda Azərbaycan diplomatiyasının bu gücünü görmüşük. Elə İsrail hökumətinin təşəbbüsü ilə dırnaqarası “erməni soyqırımı”nın tanınması məsələsində də bir daha Azərbaycan diplomatiyasının milli maraqlarımız baxımından olduqca səmərəli funksiya yerinə yetirdiyinin şahidi olduq. Bu, hər şeydən öncə ümumi maraqlarımızın lehinə olmayan addımın qarşısının alınması oldu. Regionda sülh üçün pəncərə açılmışkən, belə qondarma məsələnin gündəmə gətirilməsi, əlbəttə, arzuolunan deyildi və dost İsrail də Azərbaycanla olan münasibətləri, Azərbaycan dövlətinin nüfuzunu, beynəlxalq münasibətlər sistemində, o cümlədən regionda oynadığı rolu nəzərə alaraq bu məsələni İsrail Knessetinin gündəminə gətirmədən gündəlikdən çıxarmış oldu”.
Hikmət Babaoğlu vurğulayıb ki, bu, Azərbaycan diplomatiyasının gücünün göstəricisidir, eyni zamanda İsrailin məsələyə ədalətli yanaşmasının göstəricisidir:
"Eyni zamanda bu addım, bir ucu bizə toxunan, bir ucu isə qardaş ölkəyə toxunan belə bir qondarma məsələnin hər iki ölkə tərəfindən müsbət qiymətləndirilməsinə gətirib çıxarmalıdır və Azərbaycanın geniş mənada regionda oynadığı rol, onun nüfuzu yüksək qiymətləndirilməlidir”.
Qeyd edək ki, İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasına dair irəli sürülən təşəbbüs Azərbaycanda narahatlıq doğurub. Rəsmi Bakı bu yanaşmanı tarixi məsələlərin siyasi məqsədlərlə gündəmə gətirilməsi kimi dəyərləndirərək qərarın yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunur ki, belə bir qərar qəbul edilərsə, Azərbaycan-İsrail əlaqələrinə mənfi təsir göstərə və iki ölkə arasında formalaşmış etimadı zəiflədə bilər. Azərbaycanın bu mövqeyi eyni zamanda Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinə verdiyi önəmin göstəricisi hesab olunur.


