Maraqlı Özəl

Niyə mütəxəssislər gecə yataq otağının pəncərəsini bağlamağı tövsiyə edirlər?

Niyə mütəxəssislər gecə yataq otağının pəncərəsini bağlamağı tövsiyə edirlər?

Bir çox insan, xüsusilə yay aylarında, açıq pəncərə ilə yatmağın daha rahat və sərin olduğunu düşünür. Lakin “Startlap” nəşrinin yazdığına görə, mütəxəssislər bu vərdişin yuxunun keyfiyyətinə mənfi təsir göstərə biləcəyini bildirirlər.

Demokrat.az xəbər verir ki, onların sözlərinə görə, əsas problem təkcə otağın temperaturu deyil, həm də gecə küçədən gələn səs-küydür. Şəhər nəqliyyatının, avtomobillərin və motosikletlərin səsi, qapıların çırpılması, hətta küçədə danışan insanların səsləri belə orqanizmin gecə ərzində tam dincəlməsinə mane ola bilər.

Maynts Universitetinin apardığı araşdırma gecə səs-küyü ilə stress hormonlarının ifrazı arasında əlaqə olduğunu göstərib. Bu hormonlardan biri kortizoldur.

Kortizol səviyyəsi uzun müddət yüksək qaldıqda xolesterinin artması, arterial təzyiqin yüksəlməsi və ürək-damar sisteminə əlavə yük düşməsi riski yarana bilər.

Araşdırmada diqqət çəkən məqamlardan biri odur ki, insanlar çox vaxt bu səslərə görə tam oyanmırlar. Buna baxmayaraq, orqanizm onlara reaksiya verir: ürək döyüntüsü sürətlənir, qan təzyiqi yüksəlir və yuxu daha səthi olur. Nəticədə insan səhər oyandıqda bütün gecəni yatdığını düşünsə də, əslində kifayət qədər dərin yuxu almamış olur.

Bunun səbəbi nədir?

Mütəxəssislər bildirirlər ki, bunun təkamül baxımından da izahı var. Qədim dövrlərdə gecə səsləri vəhşi heyvanların və ya yad insanların yaxınlaşması barədə xəbərdarlıq siqnalı rolunu oynayırdı.

Bu səbəbdən insan orqanizmi bu gün də gecə səs-küyünü təhlükə siqnalı kimi qəbul edə və insan bunu şüurlu şəkildə fərq etməsə belə, daha ayıq vəziyyətə keçə bilər.

Hətta avtomobil qapısının qəfil çırpılması və ya küçədəki səs-küy kimi qısa müddətli səslər də yuxunun keyfiyyətini pisləşdirə bilər.

Risklər nədən ibarətdir?

“Noise & Health” elmi jurnalında dərc olunmuş araşdırmaya əsasən, gecə saatlarında ətraf mühitdən gələn səs-küy ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqəli ola bilər. Bu problem xüsusilə gecə vaxtı səs-küy səviyyəsinin yüksək qaldığı şəhərlərdə daha aktualdır.

Daimi fon səsi və ya təkrarlanan kəskin səslər təkcə yuxunu pozmur, həm də uzunmüddətli perspektivdə orqanizmdə stress yükünü artıra bilər.

Təmiz havanı yuxuya zərər vermədən necə təmin etmək olar?

Ekspertlər bildirirlər ki, təmiz havadan tamamilə imtina etməyə ehtiyac yoxdur. Sadəcə, otağı havalandırmaq üçün düzgün vaxt seçmək vacibdir.

İsti havalarda axşam saatlarında, küçədə temperatur otaqdakı temperaturdan aşağı olduqda, pəncərəni bir neçə saat açıq saxlamaq tövsiyə olunur. Beləliklə, otaq sərinləyəcək və təzə hava ilə dolacaq. Daha sonra, xüsusilə səs-küylü ərazidə yaşayırsınızsa, gecə yatmazdan əvvəl pəncərəni bağlamaq məsləhətdir.

Alternativ olaraq, otağı səhər tezdən, ətraf mühitin daha sakit olduğu vaxt havalandırmaq da olar.

Qapalı pəncərə ilə də otaqda rahat mikroiqlim yaratmaq istəyənlər üçün səssiz ventilyator və ya hava təmizləyicisi yaxşı seçim hesab olunur. Bu cihazlar küçə səs-küyünü içəri buraxmadan otaqdakı havanın keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər.

Havalandırma ilə bağlı digər tövsiyələr

Mütəxəssislər daha əvvəl isti havalarda evi havalandırmaq üçün ən uyğun vaxtın səhər tezdən və axşam gec saatlar olduğunu da bildiriblər.

Bundan əlavə, gecə açıq qalan pəncərənin təkcə sərin hava deyil, həm də yüksək rütubət gətirə biləcəyi, bunun isə otaqdakı mikroiqlimə mənfi təsir göstərə biləcəyi qeyd olunur.

Jalə Demokrat.az

D
demokrat.az