Sağlamlıq Özəl

Belə içkilərə görə cərimələr sərtləşdirilməlidir — qida eksperti

Belə içkilərə görə cərimələr sərtləşdirilməlidir — qida eksperti

Enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı Azərbaycan qanunvericiliyinə əsasən qadağan olunsa da, praktikada bu tələblərə hər zaman əməl edilmir.

Bunu qida eksperti Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında deyib.

Belə içkilərə görə cərimələr sərtləşdirilməlidir — qida eksperti

Onun sözlərinə görə, xüsusilə təhsil müəssisələrinin yaxınlığında yerləşən satış məntəqələrində, marketlərdə və vendinq aparatlarında alıcıların yaşının yoxlanılmaması enerji içkilərinin uşaqlar və yeniyetmələr üçün əlçatanlığını artırır.

“Mövcud vəziyyət qanunvericiliyin təkmilləşdirilməsini, nəzarət mexanizmlərinin gücləndirilməsini və cərimələrin sərtləşdirilməsini zəruri edir”.

M.Hüseynova qeyd edib ki, məşhur idmançı və müğənnilərin iştirakı ilə hazırlanan reklamlar da enerji içkilərinə marağı artıran amillərdəndir.

“Xüsusilə gənclərə yönəlmiş reklamların məhdudlaşdırılması, məhsulların üzərində sağlamlıqla bağlı açıq xəbərdarlıqların yerləşdirilməsi və mütəmadi maarifləndirmə tədbirlərinin keçirilməsi vacibdir”.

Qida eksperti vurğulayıb ki, enerji içkilərinin tərkibindəki yüksək miqdarda kofein, şəkər və sintetik maddələr insan sağlamlığı üçün ciddi risk yaradır.

“Bu məhsullar ürək ritminin sürətlənməsinə, qan təzyiqinin artmasına, yuxusuzluq, əsəbilik, aqressivlik və diqqət dağınıqlığına səbəb ola bilər”.

“Enerji içkiləri qısa müddətli enerji artımı yaratsa da, sonradan kəskin enerji azalmasına səbəb olur və bu da təkrar istifadəyə meyli artıraraq fiziki və psixoloji asılılıq riski yaradır. Yüksək şəkər tərkibi isə diabet riskini artırır, diş minasının zədələnməsinə və çürümələrə səbəb olur” deyə ekspert vurğulayıb.

M.Hüseynova əlavə edib ki, enerji içkiləri uşaqlar və yeniyetmələr üçün daha böyük təhlükə daşıyır.

“İnkişaf mərhələsində olan orqanizmdə bu məhsullar hormonal balansın pozulmasına, boy və fiziki inkişaf problemlərinə səbəb ola bilər”.

“Enerji içkilərinin istifadəsinin geniş yayılması fonunda qanunvericilik təkmilləşdirilməli, satışa nəzarət gücləndirilməli, cərimələr sərtləşdirilməli və ictimai maarifləndirmə tədbirləri daha geniş şəkildə həyata keçirilməlidir”, - deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az