Sosial Özəl

Uşaqların yanında belə ifadələr işlətmək olmaz — Psixoloq

Uşaqların yanında belə ifadələr işlətmək olmaz — Psixoloq

Ölüm qorxusunun müəyyən həddə olması insan üçün qoruyucu instinkt hesab edilir.

Bu barədə Demokrat.az-a açıqlamasında psixoloq Gövhər Məmmədova bildirib.

Onun sözlərinə görə, ölüm qorxusu insanların təhlükələrə qarşı daha ehtiyatlı davranmasına kömək edir və xüsusilə yaşlılıq dövründə bu hissin yaşanması normal sayılır. Lakin qorxunun normanı aşması artıq fobiya səviyyəsinə çata bilər.

Psixoloq qeyd edib ki, ölüm qorxusunun fobiyaya çevrilməsində ölümün mahiyyətinin tam dərk edilməməsi, qeyri-müəyyən gələcəklə bağlı narahatlıqlar və həyat planlarının yarımçıq qalacağı düşüncəsi mühüm rol oynayır:

“İnsan qeyri-müəyyənliyi çox vaxt təhlükə kimi qəbul edir. Bu isə ölüm qorxusunun güclənməsinə səbəb ola bilər.”

Gövhər Məmmədovanın sözlərinə görə, uşaqlıq dövründə yaxın insanın itirilməsi, valideyndən ayrılmaq qorxusu, eləcə də sosial şəbəkələrdə tez-tez ölüm və faciə görüntülərinin izlənilməsi də bu qorxunun formalaşmasına təsir edən amillərdəndir.

Psixoloq vurğulayıb ki, ailədə və ya yaxın çevrədə ölüm hadisəsi baş verdikdə bunu uşağa yaşına uyğun şəkildə izah etmək vacibdir:

“O səni görür” “başqa dünyadadır”, “pis iş görsən səni görəcək” kimi ifadələr uşağın psixologiyasına mənfi təsir göstərərək ölüm qorxusunu daha da gücləndirə bilər.”

Psixoloq əlavə edib ki, bəzi dini inanclar çərçivəsində ölümdən sonrakı həyat və günahlara görə cəzalandırılmaq düşüncəsi də bəzi insanlarda ölüm qorxusunu artıra bilir.

Gövhər Məmmədova bildirib ki, belə halların qarşısını almaq üçün insanlar gündəlik həyata fokuslanmalı, qorxularının mənbəyini müəyyənləşdirməli, onlarla üzləşməli və ehtiyac yarandıqda peşəkar psixoloji dəstək almalıdırlar.

Nuray Paşşanlı

D
demokrat.az