Gədəbəy rayonunda 60 yaşlı kişi oğlunu öldürüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 15-də rayonun Slavyanka kəndində baş verib. 1966-cı il təvəllüdlü İlqar İlyasovun oğlu Rəşad mütəmadi olaraq spirtli içki qəbul edib, evdə narazılıqlar yaradıb.
İlqar gərginləşən ailədaxili münasibətlər fonunda yaranmış mübahisələrin davamı kimi noyabrın 15-də, saat 21 radələrində birgə yaşadıqları evə sərxoş vəziyyətdə gələn Rəşadın ona hadisə günü səhər saatlarında işə gedərkən tanımadığı şəxsin avtomobilinə hansı səbəbdən əl etməsi, habelə işlədiyi halda qazanc əldə edə bilməməsinə görə əsassız iradlar tutması ilə əlaqədar aralarında yaranmış növbəti mübahisə zamanı bunu bir ata kimi özünə göstərilmiş növbəti hörmətsizlik kimi qəbul edib.
Bundan hiddətlənən ata Rəşad İlyasovu dəfələrlə yol verdiyi həmin hərəkətlərinə son qoymaq məqsədilə öldürmək qərarına gəlib. O, əyləşdikləri masanın üzərindən götürdüyü bıçağ ilə Rəşad İlyasova bir dəfə zərbə endirib. Rəşad kəskin qan itirmədən ölüb.
İlqar İlyasovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən İlqar elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə noyabr ayının 15-də, axşamüstü saat 7-8 radələrində baş verib:
“Bizim evimizdə mən, oğlum, Şəmkir rayonundan olan kirayəçi yaşayırdılar. Hadisə günü evimdə iş üçün gələn qardaşım oğlu olub. Mən öz evimdə yaşayırdım. Hadisə günü işdən gəldikdən sonra qonşunun evində yemək yedim. Daha sonra axşam gələrək evdə də oturdum. Evdə yemək yediyim zaman oğlum gəldi. Məndən soruşdu ki, səhər vaxtı kimin avtomobilinə əl edibsən. Mən də bildirdim ki, heç kimin avtomobilinə əl etməmişəm, qonşu ilə çıxaraq işə getmişəm”.
Təqsirləndirilən şəxs deyib ki, həmin gün hava soyuq olduğundan yeməyin yanında bir az spirtli içki içib:
“Oğlum məndən işlədiyim pulu alıb-almadığımı, pulu nə etdiyimi soruşdu. Aramızda mübahisə başladı. Qonşuda da toy var idi. Bildirdi ki, gedib toyda iştirak etsin. Mən də oğluma dedim ki, özüm işlə, özündə toya pul yazdır”.
İlqarın ifadəsinə görə, onun oğlunu öldürmək niyyəti olmayıb:
“Sadəcə qorxutmaq istəmişəm. Əvvəllər oğlum ilə aramızda elə də dava-dalaşlarımız olmayıb. Sadəcə ata kimi bu iş belə olmaz, belə etmək lazımdı deyərək başa salmışam. Oğlum heç vaxt mənə əl qaldırmayıb. Sadəcə olaraq əvvəllər aramızda olan mübahisə zamanı stoldan çay termosunu ataraq qırıb. Əməlimdən çox peşmanam”.
İş üzrə zərərçəkmiş Rəşad İlyasovun hüquqi varisi, anasının sözlərinə görə, hadisənin şahidi olmayıb və hadisə barəsində eşidib:
“Təqsirləndirilən şəxs həyat yoldaşım, zərərçəkmiş şəxs isə oğlumdur. Oğlum Bakıda mənimlə birlikdə qalırdı. Həyat yoldaşım içki içəndə mənimlə tez-tez dalaşırdı. Bu səbəbdən oğlum bildirdi ki, kəndə gedib atası ilə birlikdə qalacaq və ona göz-qulaq olacaqdır. Həyat yoldaşım da, oğlum da spirtli içki içən olublar. Həyat yoldaşım oğlumu qəsdən öldürməyib. Çünki, onlar bir-birlərini çox istəyirdilər”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlqar İlyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


