İsmayıllı rayonunda yeniyetmə oğlan tanışına ağır xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Basqal qəsəbəsində baş verib. 2008-ci il təvəllüdlü Ülvi qəsəbədə yerləşən yaşadığı evdə olarkən votsap ani mesajlaşma tətbiqi vasitəsilə danışdığı həmkəndlisi Vəfadarın (adlar şərtidir – red.) ona barəsində həqiqətə uyğun olmayan fikirlər söyləməsini irad tutub.
O, məsələyə aydınlıq gətirmək üçün görüşərək söhbət etmək istədiyini eşidib və Vəfadarı yaşadığı evin qarşısına dəvət edib. Vəfadarın fiziki cəhətdən ondan güclü olduğunu düşünən Ülvi mübahisə yaranacağı təqdirdə özünü müdafiə edə bilmək üçün yaşadığı evin mətbəxindən bıçaq götürüb, sonra evin giriş darvazasının yanında gizlədib.
Qısa müddət sonra evin qarşısına gəlmiş Vəfadar söhbət edərkən kənara keçməyi təklif edib və Ülvinin ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbləşən Ülvi şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar qisas almaq məqsədi ilə evin giriş darvazasının yanında gizlətdiyi bıçağı götürüb, həmin bıçaqla əvvəlcə Vəfadarın kürək nahiyəsinə bir dəfə zərbə vurub.
Bunu görən Vəfadar özünü müdafiə edib və Ülvinin sol gözaltı nahiyəsinə yumruq zərbəsi vuraraq yıxmaq istəyib. Bu zaman Ülvi onun bədəninin müxtəlif nahiyələrinə yenidən beş dəfə bıçaq zərbəsi yetirib.
Ülvinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ülvi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Vəfadarı orta məktəbdə oxuduğu vaxtdan tanıyıb:
“Hadisənin baş verdiyi vaxtdan təxminən 2-3 ay əvvələdək münasibətlərimiz normal olub. Həmin vaxtdan etibarən isə münasibətlərimiz pisləşdi. Bu səbəbdən də Vəfadarla əlaqəni kəsmək üçün sosial şəbəkələrdə onu “qara siyahı”ya daxil etdim”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 23 radələrində Vəfadar hazırda xatırlamadığı mobil telefon nömrəsindən onun istifadəsində olan mobil telefon nömrəsinə mesaj yazıb və votsapda onu “qara siyahı”dan çıxarmasını xahiş edib:
“Mən Vəfadarı “qara siyahı”dan çıxararaq ona zəng etdim. Bu zaman o, müəyyən şəxslərin yanında arxası ilə danışdığımı bildirdi və mənimlə görüşmək istədiyini dedi, ünvanıma nalayiq ifadələr işlətdi. Mən Vəfadara evdə olduğumu dedim və görüşmək istədiyi halda yaşadığım evin qarşısına gəlməsini bildirdim. Vəfadar fiziki cəhətdən məndən güclü olduğu üçün və onun özü ilə digər şəxsləri də gətirə biləcəyini düşünərək evdən çıxan zaman özümü müdafiə etmək üçün mətbəx bıçağı götürdüm”.
Ülvinin ifadəsinə görə, daha sonra yaşadığı evin qarşısında gözləyib və bir neçə dəqiqə sonra Vəfadarın tək yaşadığı evin qarşısına gəldiyini görüb: “Mən özüm ilə götürdüyüm bıçağı darvazanın içəri tərəfində gizlətdim. Sonra Vəfadar arxası ilə danışmama görə mənə irad tutdu. Söhbət əsnasında o, həmin məlumatı Samirdən əldə etdiyini dedi. Mən isə etiraz edərək qeyd olunan sözləri demədiyimi bildirdim və Samirə zəng edərək danışa biləcəyimi, lazım olduğu halda isə görüşərək üzləşə biləcəyimi dedim”.
Ülvi qeyd edib ki, daha sonra Vəfadar yaxında “Wi-Fi” simsiz texnologiyasının olduğunu, orada Samirə zəng edərək danışacağını deyib: “Mən isə Vəfadara getməsini və bir qədər sonra özümün də gələcəyimi bildirdim. Vəfadar aralaşan zaman nalayiq ifadələr işlətməyə başladı. Bu səbəbdən də əsəbləşdim. Lakin Vəfadar fiziki cəhətdən güclü olduğu üçün darvazanın içərisində gizlətdiyim bıçağı götürdüm və onu çağırdım. Bu zaman Vəfadar mənə tərəf gəldi. Mən bıçağın dəstək hissəsi ilə onun sifətinə zərbə vurdum. O, da mənim sifətimə yumruq zərbəsi vurdum. Bundan sonra əlimdə olan bıçaqla Vəfadarın sol döş qəfəsi nahiyəsinə zərbə vurdum. Bıçağın onun bədəninə daxil olmasını hiss etməmişəm. O, mənə müqavimət göstərdiyi üçün ardıcıl xatırlamadığım sayda zərbələr vuraraq onun özümdən uzaqlaşmasını istədim. Ardınca hər ikimiz yerə yıxıldıq. Bu zaman bıçaq əlimdən yerə düşdü. Vəfadar ayağa qalxaraq yerə düşmüş bıçağı götürdü və həmin yeri tərk etdi. Sonradan mən də yaşadığım evə getdim. Bir müddət sonra polis əməkdaşları oraya gələrək məni polis şöbəsinə apardılar”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülvi 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.


