Danışıqlar AIM-120 AMRAAM raketlərinin istehsalı və PAC-3 "Patriot" raketləri üçün texniki xidmət mərkəzinin yaradılması ilə bağlıdır.
ABŞ Almaniya və digər Avropa ölkələri ilə Avropada Amerika raketlərinin birgə istehsalına başlamaq üçün danışıqlar aparır. Danışıqlar Raytheon şirkətinin AIM-120 AMRAAM raketlərinin, eləcə də Lockheed Martin şirkətinin "Patriot" sistemlərində istifadə edilən PAC-3 raketləri üçün texniki xidmət mərkəzinin yaradılmasını əhatə edir.
Demokrat.az xəbər verir ki, bunu Reuters-ə məlumatlı mənbə bildirib.
Agentliyin məlumatına görə, tərəflər NATO-nun Ankarada keçiriləcək sammiti çərçivəsində baş tutacaq sənaye forumu zamanı niyyət bəyannaməsi imzalamağı planlaşdırırlar.
Əgər hər iki layihə həyata keçirilərsə, bu, istehsalın və texniki xidmətin qismən Avropaya köçürülməsinə imkan verəcək. Eyni zamanda, ABŞ-ın Raytheon və Lockheed Martin şirkətləri ABŞ daxilində digər sifarişləri yerinə yetirmək üçün əlavə istehsal gücü qazanacaqlar.
AIM-120 AMRAAM raketləri F-16 qırıcı təyyarələri və NASAMS hava hücumundan müdafiə sistemləri tərəfindən istifadə olunur. PAC-3 raketləri isə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün əsas tutucu kimi xidmət edir. Hər iki silah növünə Ukraynada böyük tələbat var, çünki ölkə Rusiyanın hava hücumlarını dəf etməyə davam edir.
Qeyd edək ki, bu danışıqlar Vaşinqtonun öz silah ehtiyatları ilə bağlı narahatlıqları fonunda aparılır. Rusiyanın Ukraynaya qarşı müharibəsi, o cümlədən Yaxın Şərqdəki son hərbi əmliyyatlar ABŞ müdafiə sənayesinin sifarişlərini ciddi şəkildə artırıb.
Alparslan Demokrat.az


