Maraqlı Özəl

Evdə dondurmanı necə hazırlamaq olar? — Xüsusi resept

Evdə dondurmanı necə hazırlamaq olar? — Xüsusi resept

Yay mövsümündə ən sevilən desertlərdən biri olan dondurmanı ev şəraitində də asanlıqla hazırlamaq mümkündür.

Demokrat.az "Martha Stewart" nəşrinə istinadən xəbər verir ki, hazırlanma üsulu seçilən dondurma növündən asılıdır.

Evdə hazırlanan dondurmanın bir neçə əsas növü var. Yumurtalı krem əsaslı dondurma yumurta sarısı ilə hazırlanır və daha zəngin dada malik olur. Bu reseptdə yumurta təbii stabilizator rolunu oynayır.

Filadelfiya üslubunda hazırlanan dondurma (Amerika və ya Nyu-York üslubu kimi də tanınır) isə yumurtasız hazırlanır və bişirilməsinə ehtiyac olmur.

Bundan başqa, qaymaqlı pendir və qarğıdalı nişastası əsasında hazırlanan yumurtasız variant da mövcuddur. Bu növ daha sıx və məxməri teksturaya malik olur.

Dondurma hazırlayan cihaz olmadan hazırlanan resept isə çalınmış qaymaq əsasında hazırlandığı üçün teksturasına görə daha çox musu xatırladır.

Klassik krem əsaslı dondurma resepti

Əvvəlcə yumurta sarısını şəkərlə çalın və üzərinə südü tədricən əlavə edin.

Qarışığı orta odda 5–10 dəqiqə ərzində daim qarışdıraraq bişirin. Kütlə qaşığın üzərini nazik qat şəklində örtməyə başladıqda hazır sayılır.

Hazır qarışığı süzgəcdən keçirərək buzla doldurulmuş qabın üzərinə yerləşdirilən başqa qaba tökün ki, bişmə prosesi dayansın.

Qarışıq soyuduqdan sonra vanil ekstraktı kimi ətirləndiricilər əlavə edin. Onları isti qarışığa qatmaq tövsiyə edilmir, çünki kütlə laylara ayrıla bilər.

Sonra qarışığı dondurma aparatında yumşaq dondurma konsistensiyasına qədər çalın. Daha uzun müddət çalmaq məsləhət görülmür, çünki bu halda qaymaq yağa çevrilə və tekstura pozula bilər.

Şokolad qırıntıları, giləmeyvə və ya qoz-fındıq kimi əlavələri isə çalınma başa çatdıqdan sonra, dondurmadan əvvəl qarışdırın.

Dondurma aparatı olmadan resept

Yağlı qaymağı şəkər kirşanı ilə möhkəm köpük alınana qədər çalın.

Daha sonra onu qatılaşdırılmış südlə ehtiyatla qarışdırın.

İstəyə görə vanil və ya digər ətirləndiricilər əlavə edin.

Hazır qarışığı hava keçirməyən qaba tökərək bir saat dondurucuda saxlayın.

Sonrakı dörd saat ərzində qarışığı hər saat bir dəfə qarışdırın.

Bundan sonra qabı daha iki saat qarışdırmadan dondurucuda saxlayın. Bu müddətin sonunda dondurma istifadəyə hazır olacaq.

Saxlanma qaydası

Evdə hazırlanan dondurma tərkibində sənaye stabilizatorları olmadığı üçün dondurucuda təxminən bir ay saxlanıla bilər.

Hazır dondurmanı qaba yerləşdirərkən hava boşluqlarını aradan qaldıracaq şəkildə sıx yerləşdirmək məsləhətdir. Hava qabarcıqları donma zamanı buz kristallarının əmələ gəlməsinə və teksturanın pozulmasına səbəb olur.

Qabın üzəri dərhal qida plyonkası ilə örtülməli, hər dəfə dondurmadan istifadə etdikdən sonra plyonka yenidən səthə sıx şəkildə yerləşdirilməlidir. Bu, dondurmanın hamar və kremvari quruluşunu qorumağa kömək edir.

Jalə Demokrat.az

D
demokrat.az