Müasir dövrdə rəqəmsal texnologiyalar insanların gündəlik yaşamının ayrılmaz tərkib hissəsinə çevrildikcə, uşaqların virtual məkanda təhlükəsizliyinin qorunması da prioritet məsələlərdən biri kimi ön plana çıxır. Sosial media platformalarında zərərli informasiyanın sürətlə yayılması, onlayn təzyiq və zorakılıq halları, şəxsi məlumatların nəzarətsiz şəkildə toplanması, eləcə də psixoloji manipulyasiya risklərinin artması bu sahədə daha effektiv hüquqi mexanizmlərin formalaşdırılmasını zəruri edir. Belə şəraitdə Milli Məclisdə uşaqların sosial şəbəkələrdə hüquq və təhlükəsizliyinin daha etibarlı qorunmasına yönələn qanunvericilik dəyişikliklərinin üçüncü oxunuşda qəbul olunması əhəmiyyətli addım hesab edilir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu qanunun qəbul edilməsinin ən mühüm nəticələrindən biri odur ki, məsələ dövlətin diqqət mərkəzindədir:

“Bu gün sosial şəbəkələrin yaratdığı müəyyən neqativ təsirlər təkcə bir ölkənin deyil, bütün dünyanın problemidir və hər bir ölkə bu problemin həlli yollarını axtarır. Həll yollarından biri də uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinin müəyyən çərçivədə məhdudlaşdırılmasıdır. Belə ki, artıq 16 yaşına qədər uşaqlar sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. Düzdür, bu qərarın tətbiq mexanizmi sonradan açıqlanacaq, lakin dövlət bu məsələdə öz iradəsini ortaya qoydu”.
O qeyd edib ki, burada yalnız dövlətin fəaliyyəti kifayət etmir:
“Ailələr və valideynlər də bu prosesdə fəal iştirak etməlidirlər. Valideynlər uşaqların sosial şəbəkələrdə nə qədər vaxt keçirdiyinə və hansı məzmuna baxdıqlarına nəzarət etməlidirlər. Nəzarətsizlik isə ciddi mənfi nəticələrə gətirib çıxara bilər. Azərbaycan bu istiqamətdə ilk addım atan ölkələrdən biridir. Qanun qüvvəyə mindikdən sonra onun nəticələri daha aydın şəkildə hiss olunacaq. Eyni zamanda, gələcəkdə bu məsələyə yenidən qayıdılması və əlavə tənzimləmələrin aparılması da tamamilə mümkündür”.


